Logo

BMU ilə Vyetnam universiteti əməkdaşlıq edəcək

10.10.2025 10:46 44 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə Vyetnam Respublikasının aparıcı ali təhsil ocaqlarından biri olan Duy Tan Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə BMU-nun akademik heyəti, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və Duy Tan Universitetinin nümayəndələri iştirak ediblər.

Tərəflər arasında təhsil və elmi fəaliyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin beynəlxalq əməkdaşlığa, xüsusilə də Asiya regionunun aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini deyib. Eyni zamanda Duy Tan Universiteti ilə bu görüşün qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Müzakirələr zamanı iki universitet arasında qısamüddətli mübadilə proqramlarının həyata keçirilməsi, ikili diplom proqramlarının təşkili, elmi-tədqiqat layihələri və ortaq elmi məqalələrin hazırlanması, həmçinin beynəlxalq konfrans və  seminarların təşkili perspektivləri nəzərdən keçirilib. Bundan əlavə, laboratoriya və texnoloji resursların paylaşılması, innovasiya və startap sahəsində birgə fəaliyyət imkanları da diqqət mərkəzində olub.  

Görüşün yekununda tərəflər əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanması, növbəti mərhələdə bu istiqamətdə praktiki addımların atılması barədə razılığa gəliblər. Həm BMU, həm də Duy Tan Universitetinin nümayəndələri qarşılıqlı maraqların yüksək səviyyədə olduğunu vurğulayıb və gələcəkdə daha geniş tərkibli görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti