Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzi tərəfindən hər il birinci kurs tələbələri üçün təşkil olunan “Heydər Əliyev dərsləri”nin 2025-2026-cı tədris ili üçün ilk məşğələsi keçirilib.
İnstitutdan bildirilib ki, dərsdə Tarix və coğrafiya fakültəsinin tələbələri “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzəni dinləyiblər. Məruzədə qeyd edilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin dirçəliş və tərəqqi mərhələsini təşkil edir. Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş yaranıb, beynəlxalq əlaqələri genişlənib, dünya birliyində mövqeləri möhkəmlənib. Ümummilli Lider öz uzaqgörən siyasəti ilə dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri ehtiva edən azərbaycançılıq ideologiyasının əsasını qoyub.
Məruzədən sonra tələbələr dünyanın tanınmış dövlət başçılarının Heydər Əliyevlə bağlı söylədiyi fikirlərdən ibarət slaydları izləyiblər.
Mərkəzdəki eksponatlarla tanış olan dərs iştirakçılarına burada nümayiş olunan 400-dək foto, arxiv sənədinin surəti, kitab, jurnal və məcmuə haqqında məlumat verilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi haqqında sənədli film nümayiş edilib. Sonda tələbələrin iştirakı ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb.