Bir universitetin beynəlxalq reytinqinə təsir göstərən əsas amillərdən biri də elmi jurnallardır. Yəni tədrisin keyfiyyəti, professor-müəllim heyətinin peşəkarlığı və digər göstəricilər kimi, elmi jurnal fəaliyyəti də olduqca mühüm sahədir və daim diqqət mərkəzində saxlanılmalı, prioritet istiqamət kimi qiymətləndirilməlidir.
Elmi jurnallar və onlarda dərc olunan məqalələr beynəlxalq elmi ictimaiyyətə çıxmaq üçün geniş imkanlar yaradır. Xüsusilə, məzmunu dərin, elmi baxımdan tutarlı məqalələr tez-tez geniş rezonans doğurur. Eyni zamanda, elmi məqalələrə edilən istinadların sayı da kifayət qədər ciddi göstəricidir və bu, ali təhsil müəssisəsinin elmi potensialını əks etdirir. Amma haqzırda vəziyyət necədir? Əvvəlki yazılarımızda da müxtəlif müəssisələrdəki vəziyyəti işıqlandpırmağa çalışmışıq. Yenə də güzgü olmağa, mövcud vəziyyəti əks etdirməyə çalışacağıq ki, qazanan Azərbaycan elmi və ali təhsili olsun. Bəs vəziyyət necədir?
Əvəla “Özümüz yazıb özümüz oxuyaq” sevdası hələ də davam edir. Xüsusilə bir məsələni qeyd etmək ki, elmi jurnalların nəşr dairəsi ölkənin sərhədləri ilə məhdudlaşmamalıdır. Elmi jurnal əgər elmi konsepsiyaları, elmi məsələləri gündəm edirsə və hər hansı bir elmi dilemma, yaxud yenilik, yaxud problemin həlli yollarını elmi cəhətdən əsaslandırırsa – bu məhdud və dar çərçivədə ola bilməz. Elmi jurnal dünyaya çıxmalıdır və burada dünyanın nüfuzlu alimlərinin məqalələrinə, tədqiqatlarının nəticələrinə geniş yer verilməlidir.
Elmi jurnallarda dünya alimlərinin məqalələrinin çapı nəyə gətirib çıxarırır? Elmi jurnalın və onu çap edən elmi müəssisənin dünyada tanınmasına, arxivatorlarda, elmimetrik bazalarda adının daxil olmasına, elmi etibarlılıq və elmi ciddiyyətinin artmasına və s. Ciddi töhfə verir. Çünki istənilən xarici müəllif əgər məqaləsi bizim elmi jurnallarda çap olunubsa, bu məcmuəni öz elmi müəssisəsinə təqdim edir, bu məqaləyə digər elmi jurnallarda istinadlar olacaq və beləliklə Azərbaycanın elmi nüfuzu yüksəlir.
Təəssüf ki, Azərbaycanda elmi jurnalların böyük əksəriyyəti xaricdən heç bir məqalə qəbul etmir və çap eləmir. Bu təqdirdə həmin elmi jurnal beynəlxalq elmi platformalardan xaric olunur və elmi nüfuzunu itirir. Nəticədə özümüz yazıb özümüzün oxuduğu lokal məcmuəyə çevrilir ki, bununla da elmi müəssisənin reytinqini yüksəltmək əvəzinə əksinə daha da aşağı salır.
Adi bir misal çəkim, Scopus və Web of Sience indekslərini hesaba almasaq, EBSCO və ERİHPLUS, Sherpa Romeo, ERİC, DOAJ kimi indeksləri almış neçə elmi jurnalımız var? Yox həddindədir. Çoxəsrlik təhsil ənənəsinə malik ölkənin, dünyanın mötəbər təhsil indeksi sayılan ERIC də niyə bir dənə də olsun elmi jurnalı yoxdur? Bəs bizim yazdığımızı kim oxuyur?
Diqqətinizə çatdırım ki, ERIHPLUS kimi elmi jurnal indeks qurumu xüsusilə elmi jurnallara şərt qoyur ki Avropalı olan alimlərin elmi məqalələrini nəşr edin. Bizdə xüsusilə sosial siyasi sahədə nüfuzlu alimlərin Azərbaycan həqiqətlərini elmi cəhətdən əsaslandırıb dünyaya çıxarası elmi yazılarına ciddi ehtiyac var. Bu elmi bir ciddi sahədir ki, indi bu sahədə əməliislahatlar getməzsə, yaxın on ildə elmi jurnallarımızın dünya elm səhnəsindən yox olma təhlükəsi ortaya çıxacaq.
İngilis dili bəlası. Nə zamana qədər elmi jurnallarımız elmi məqalələrinin rezume-xülasə hissəsini google scholar da tərcümə edib məqalələrin sonuna qoyacaqlar? Niyə elmi jurnallarımızın dünyaya çıxmaq üçün müstəqil formada ingilis dili versiyası yoxdur?! Bəs biz Azərbayacan həqiqətlərini dünyaya necə çatdıraq?
Əgər istinad istəyiriksə, elmi məqaləmizin Azərbaycan dilli versiyası ilə yanaşı, ingilis dilli versiyası da olmalıdır. İstifadə olunan ədəbiyyat siyahıları düzgün formada, dünyanın qəbul etdiyi APA standartlarında, yaxud Chikago sistemində yazılıb arxivləşdirilmişdir. Məqalələrin ingilis dilində versiyaları dünyanın qəbul etdiyi arxiv bazalara yüklənilməlidir.
Uzun illərin təcrübəsindən üstümüzə çökmüş RUSSIAN VAK sisteminin elmi məqalə standartlarından əl çəkmək lazımdır. Bu sistemi artıq heç bir beynəlxalq elmi indeks qurumu dəstəkləmir.
Təəccüblüdür ki, Rusiyada nəşr olunan jurnalların böyük əksəriyyəti belə artıq bu sistemi çoxdan kənara qoyublar. Rusiyada, demək olar ki, yüzlərlə Skopus, Web of Science jurnalları mövcuddur. Ciddi şəkildə elmi review prosesinə əməledirlər. Biz hələ də köhnənin qalıqlarından əl çəkə bilmirik ki, bilmirik. Sabir demişkən, avtomobil minməyiriz, yaxud Mirzə Cəlil demişkən, poçtxana qaydalarını bilmirik, ya da öyrənmək istəmirik.
Dünyada ciddi elmi istehsal edən qurum öz elmi jurnalında ancaq özündə işləyən şəxslərin məqalələrini çap etmir və bunu ciddi elmi etikanı pozmaq kimi qiymətləndirir. Bizdə Universitet jurnalını açan kimi, ancaq həmin Universitetlərin müəllim heyətinin “tədqiqatlarını” görürük. Başqa heç bir kənar müəllif, demək olar ki, yoxdur. Belə jurnal qara siyahılara düşməli jurnallardır. Bəxtimiz orda gətirib ki bizim jurnallar heç yerdə tanınmır deyə, bunu dünya nə bilir, nə duyur. Və beləliklə,özümüz yazıb özümüz oxuyuruq.
Bəs regionlarda vəziyyət nə yerdədir? Mingəçevir dövlət Universitetinin elmi jurnalı ilə tanış olaq. Universitetin 2030 elm strategiyasında nəzərdə tutulur ki, “Strateji hədəf 2 – Milli və beynəlxalq arenada elmi nəşrlərin keyfiyyətini və kəmiyyətini artırmaq, multidisiplinar xarakterli nüfuzlu beynəlxalq elmi jurnala və beynəlxalq elmi konfransa sahib olmaq”. Bunun üçün çoxlu strateji fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulsa da, birdəfəlik yazılmır ki, jurnalımız budur, bu jurnalı biz 5 il içərisində SCOPUS və Web of Science da indekslənməsinə nail olacağıq və bunun üçün də biz bunları etməliyik və s. Hədəf qismində xoşagələn sözlər yazılıb və 2024-cü ildə də təsdiq edilib.
Jurnalın 2025-ci ilin son buraxılışında bir ədəd də olsun,nüfuzlu Skopus indeksinə malik almin məqaləsi yoxdur. 2-3 ədəd ingilis dilində elmi məqalələr verilməsinə baxmayaraq, sırf bu məqalələrin adlarını beynəlxalq bazalarda axtarsam da, tapa bilmədim, ona görə ki, məqalələr verilən DOI identifikasiya nömrələri də düzgün çalışmır. Scholar bazalarında elmi jurnala 1 dənə də olsun, istinad tapa bilmədim.
Jurnal nədənsə xarici dildəki qısaldılmış versiyası ilə deyil, dilimizdəki qısaldılmış versiyası olan “DİJ” kimi dünyaya təqdim olunur. “DİJ”-in nə olduğunu xarici mütəxəssislərə izah etmək xüsusilə çətinlik tələb edir. DİJ-in hansı elmi müssəsisəyə aid olmasına da rast gəlmək olmur.
İngilis dilində məqalənin sonunda Azərbaycandilində elmi məqalənin kim tərəfindən rəy verilməsi qeyd göstərilib. Adı çəkilən professoru axtarış motorlarında “search” edəndə məlum olur ki, elə eyniUniversitetin əməkdaşıdır. Buradan da belə aydın olur ki, Universitet özü öz məqalələrinə açıq rəy verir ki, bu da heç bir elmi etikaya sığmır. Əgər rəyləndirmə sistemi, məqalənin elmi texniki cəhətdən yoxlalıması Elmi jurnal tərəfindən açıq təşkil edilirsə, o zaman rəy verən alim müəllifi tanımamalı, kənardan bir alim olmalıdır, mümkünsə, hətta xaricdən olmalıdır. Məqalənin ingilis dilində olduğunu nəzərə alsaq, bu məqalənin həm dil, həm də elmi cəhətdən xarici mütəxəssis rəyinə ciddi ehtiyacı var.
Elmi jurnalın özünə məxsus saytı olsa da, təəssüf ki, düzgün fəaliyyət göstərmir və beynəlxalq standartlara cavab vermir. Jurnalın titul səhifəsində elmi indeks göstəricisi kimi bəzi qeydlər yer alır. Bunlardan biri beynəlxalq nəşr lisenziyasını təsdiq edən ISSN mərkəzidir. Digəri isə istənilən şəxsin cəmi 3–4 dəqiqə ərzində qeydiyyatdan keçib məlumatı “save” edə bildiyi ümumi portaldır. Bu, nəinki elmi ciddiyyətdən xəbər verir, əksinə, beynəlxalq elmi ictimaiyyət tərəfindən artıq “fake index” (saxta indeks) kimi qiymətləndirilir.
Məlumdur ki, son illər yalnız saxta jurnallar deyil, saxta elmi indekslər də meydana çıxıb. Məsələn, Index Copernicusartıq bu kateqoriyaya daxil edilib və dünyada nüfuzlu indeks bazası kimi tanınmır. Təəssüf ki, Azərbaycanda hələ də bəzi hallarda AAK bu bazada qeydiyyatdan keçmiş jurnalları elmi nailiyyət göstəricisi kimi qəbul edir.
Bundan başqa, Redaksiya Heyətində də ciddi dəqiqləşmələr aparılmalıdır. Adı qeyd olunan Prof., dr. Wang Xia (Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti, Çin), nə CV–sində, nə elmi profillərində Mingəçevir Dövlət Universitetində redaksiya heyətində olması barədə heç bir məlumat yoxdur.
Hər bir elmi jurnal beynəlxalq standartlara ciddi şəkildə əməl etməlidir. Buraya daxildir:
1.Məqalə qəbulu sistemi:
Jurnalda onlayn məqalə qəbul etmə və izləmə sistemi olmalıdır. Bir neçə e-poçt ünvanı vasitəsilə yazışaraq məqalə qəbul etmək, müasir elmi nəşr prinsiplərinə ziddir və qeyri-professional yanaşmadır.
2.Rəy prosesi və müəllif qaydaları:
Hər bir jurnalda şəffaf review (rəy) prosesi və dəqiq müəyyən edilmiş Author Guidelines (Müəllif qaydaları) olmalıdır. Mətnlərdə istifadə olunan ifadələr Google Scholar-dan köçürülmüş və ya yanlış tərcümə edilmiş olmamalıdır. Çünki elmi jurnal ciddi bir akademik qurumu təmsil edir və onun dili, üslubu, struktur məntiqi bu məsuliyyəti əks etdirməlidir.
3. Redaksiya strukturu və terminologiya
“Used Literature” əvəzinə “References”, “Editorial staff” əvəzinə “Editorial Board”, “Advisory Board” və ya “Editorial Team” kimi beynəlxalq akademik leksikaya uyğun ifadələr işlədilməlidir. “Issues” bölməsi “Archives”, “Requirements” isə “Author Guidelines” kimi təqdim olunmalıdır.
Ümumilikdə, bu jurnal və sayt haqqında daha çox danışmağa ehtiyac yoxdur. Əsas məsələ odur ki, bu cür jurnallar artıq öz fəaliyyətlərinə ciddi çəki və düzən verməlidirlər. Çünki onlar beynəlxalq arenada Azərbaycanın adından və elmi imicindən istifadə edirlər. Belə təmsilçilik isə yol verilən hal deyil və yalnız ölkəmizin elmi nüfuzuna zərər gətirir.
Rahil Nəcəf