Logo

BDU-nun Qazax filialında Zəfər Gününə həsr edilmiş dəyirmi masa keçirilib

22.10.2025 12:27 32 baxış
IMG

Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələr, QHT-lər və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar. Həmçinin filialın məzunu olmuş Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirəsinə yaradılmış guşəyə baxış keçirərək, əziz xatirəsini ehtiramla anıblar.

Dəyirmi masada çıxış edənlər 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş tədbirin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində şanlı tarix yazdı, torpaqlarımız düşməndən azad olundu. Bu gün qalib Azərbaycan xalqı həmin şəhərlərin azad olunduğu tarixləri xüsusi gün kimi qürurla qeyd edir.

Vurğulanıb ki, ötən ilin ən yaddaqalan hadisələrindən biri də Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin bir güllə belə atılmadan Azərbaycana qaytarılması oldu. Qazaxın kəndlərinin də yenidən qurulacağına, yeni evlərin, infrastrukturun inşa olunacağına, çoxsaylı layihələrin icra ediləcəyinə, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarına əminlik ifadə edilib.

Xəbər lenti