Logo

Zərərli proqram təminatının aşkarlanması istiqamətində aparılan tədqiqatların nəticələri təqdim olunub

21.10.2025 16:30 35 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib.

Bu barədə institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun dissertantı Elşən Bağırov dissertasiya işinin məqsədinin zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması üçün intellektual metod və alqoritmlərin işlənməsi olduğunu bildirib. O, dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramların aşkarlanması istiqamətində “Scopus” və “Web of Science” elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları tədqiq edilib, aparılmış tədqiqatların trendi illər üzrə şərh edilib, mühüm çatışmazlıqlar müəyyən edilib. Dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üçmərhələli ümumi konseptual model təklif edilib. “Windows” və “Android” əməliyyat sistemi mühitində zərərli proqramların və proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterizasiya əsaslı maşın öyrənmə metodları işlənib.

Məruzəçinin sözlərinə görə, iş üzrə həmçinin zərərli proqramların təsvirlərə çevrilərək aşkarlanması üçün transfer öyrənmə əsaslı yüksəkdəqiqlikli aşkarlama üsulu işlənib: “Eksperiment zamanı təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Generativ Rəqib Şəbəkə modeli işlənilib və artırılmış verilənlər üzərində maşın öyrənmə modelləri yoxlanılıb. Zərərli proqramların aşkarlaması üçün təklif edilmiş modellərin izahetmə qabiliyyətinin qiymətləndirilməsi üçün üç fərqli verilənlər toplusundan istifadə etməklə eksperimentlər aparılıb və SHAP, LIME, əlamətlərin əhəmiyyətliliyi kimi nəticələri əldə edilib. Verilənlərin real mühitdə istifadə edilməsi zamanı əlamətlərin yayınmasını yoxlamaq məqsədilə PSI metodu eksperimental olaraq qiymətləndirilib”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Daha sonra çıxış edən akademik Rasim Əliquliyev dissertasiya işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. O, tədqiqat işinin aktual elmi problemlərə həsr olunduğunu bildirib, əldə olunan nəticələrin elmi və praktiki baxımdan əhəmiyyətini vurğulayıb. Alim iş çərçivəsində proqram mühəndisliyinin keyfiyyətinin və dayanıqlılığının artırılması, o cümlədən süni intellekt texnologiyaları vasitəsilə kibertəhlükələrin aşkarlanması ilə bağlı tədqiqatlara daha geniş yer ayrılmasının vacibliyini qeyd edib.

Xəbər lenti