Bakı Dövlət Universitetinin (BDU) “Zəfər tarixi” lektoriyasında Vətən müharibəsi iştirakçısı, Jurnalistika fakültəsinin məzunu Bəxtiyar Məcidli ilə görüş keçirilib.
BDU-dan bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Vətən müharibəsi iştirakçıları ilə görüşün gənclər üçün əhəmiyyətindən söz açıb. O, fakültənin belə məzunları ilə daim fəxr etdiyini və onların qəhrəmanlıqla dolu həyat hekayələrinin nümunəyə çevrildiyini bildirib.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu qeyd edib ki, artıq beş ildir Azərbaycanın tarixi günləri sırasında Zəfər Günü öz şərəfli yerini tutub. O, bu günün yalnız qələbə günü deyil, suverenliyin tam bərpası yolunda mühüm mərhələ olduğunu deyib.
Sonra Bəxtiyar Məcidli müharibə xatirələrini bölüşüb, döyüş yoldaşlarının göstərdiyi böyük cəsarət və qəhrəmanlıq nümunələrindən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.