Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq akademik məkanda mövqeyini gücləndirməyə davam edir.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Round University Ranking” (RUR) agentliyinin 2025-ci il üzrə fənn reytinq nəticələrinə əsasən, ATMU bir sıra istiqamətlərdə ölkə üzrə lider mövqeləri qoruyub saxlayıb.
ATMU humanitar elmlər və həyat elmləri istiqamətlərinin hər biri üzrə ölkədə 1-ci, sosial elmlər üzrə isə 8-ci yeri tutur. Dünyəvi reytinq göstəricilərində universitet humanitar elmlər üzrə 535-ci, həyat elmləri üzrə 783-cü, sosial elmlər üzrə isə 947-ci pillədə qərarlaşıb. Maliyyə dayanıqlılığı üzrə ATMU dünya universitetləri arasında humanitar elmlərdə 3-cü, sosial elmlərdə 5-ci, həyat elmlərində isə 11-ci yeri tutub.
Universitetin əldə etdiyi nəticələr, ATMU-nun regional və qlobal miqyasda rəqabətqabiliyyətli ali təhsil müəssisəsinə çevrilmək istiqamətində ardıcıl addımlar atdığını təsdiqləyir.
Xatırladaq ki, tədqiqat nəticələrinin qiymətləndirilməsində “Clarivate Analytics” məlumat bazasından istifadə edən “Round University Ranking” (RUR) agentliyi 2013-cü ildən etibarən dünya üzrə universitetlərin fəaliyyətini dörd əsas sahə – tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və maliyyə dayanıqlılığı üzrə qiymətləndirir.