Logo

NDU-da Psixoloji xidmət və uşaq inkişaf mərkəzi açılıb

15.10.2025 15:38 35 baxış
IMG

Oktyabrın 15-də Naxçıvan Dövlət Universitetində “Psixoloji xidmət və uşaq inkişaf mərkəzi”nin açılışı olub.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, universitetin rektoru Elbrus İsayev çıxış edərək Psixoloji xidmət və uşaq inkişaf mərkəzinin açılışının yüksəkixtisaslı psixoloq kadrların hazırlanması üçün önəmli olduğunu deyib. Bildirib ki, universitetdə 2021-ci ildən bakalavriat səviyyəsində “Psixologiya” ixtisası, magistratura səviyyəsində isə 2025-2026-cı tədris ilindən “İnkişaf psixologiyası” ixtisaslaşması üzrə kadr hazırlığı aparılır.

Rektor ali təhsil ocağında bütün istiqamətlərdə olduğu kimi, “Psixologiya” ixtisasının da xüsusilə diqqətdə olduğunu, bu istiqamətdə yeniliklərin izlənildiyini vurğulayıb. Bildirilib ki, bu gün açılışı keçirilən mərkəz də zəngin maddi-texniki baza ilə təchiz olunub və tələbələr bu imkanlardan yararlanaraq həm tədris prosesində, həm də dərsdənkənar məşğələlərdə müxtəlif simuliyasiyalar təşkil etməklə praktik bacarıqlar əldə edə bilərlər. Elbrus İsayev, həmçinin akademik bilgilərin də zənginləşməsi üçün keçirilən tədbirlərdən söz açıb, xüsusilə ilk dəfə Naxçıvan Dövlət Universitetində keçirilən Azərbaycan Psixoloqlarının I Forumunu diqqətə çatdırıb. Onun sözlərinə görə, həm təşkilatı tədbirlər, həm bu gün açılışı olan mərkəz deməyə əsas verir ki, bu istiqamətdə əldə olunan nəticələr NDU-da Psixologiya ixtisasında tədrisin keyfiyyətini daha da yüksəltməklə yanaşı, ümumilikdə, ölkədə bu sahənin inkişafına dəstək olacaq.

Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev mərkəzin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, psixoloji xidmət və tədris məqsədli qurulan mərkəzdə iki istiqamətdə xidmət aparılması planlaşdırılır. Mərkəz daxilindəki “Psixoloji konsultasiya” otağında psixoloji dəstəyə ehtiyacı olan universitet kollektivinə psixoloji xidmət göstəriləcək. “Uşaq inkişaf mərkəzi”ində isə “Psixologiya” ixtisasında təhsil alan tələbələrin tədrisin praktik əsaslarla aparılmasını təmin etmək imkanı olacaq.

Naxçıvan Dövlət Universitetinin psixoloqu Nuranə Səlimova isə “Uşaq inkişaf mərkəzi”nin fəaliyyəti, mərkəzdə mövcud olan avadanlıqlar haqqında məlumat verib.

Tədbirdən sonra rektor Elbrus İsayevin “Psixologiya” ixtisasının tələbələri ilə görüşüb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti