Logo

Şərqşünaslıq İnstitutunda Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

16.10.2025 10:07 28 baxış
IMG

Oktyabrın 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş "Azərbaycanın istiqlal mücahidi" mövzusunda  elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə bu il görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyi qeyd edilir və bununla bağlı müxtəlif tədbirlər keçirilir.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön sıralarında olmuş Fətəli xan Xoyskinin müstəqil dövlətimizin qurulmasında böyük xidmətlərinin olduğunu deyən akademik Gövhər Baxşəliyeva bu sırada onun tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olduğunu da xüsusi vurğulayıb.

Akademik G.Baxşəliyeva 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə bir sıra yüksək vəzifələr tutmuş, o cümlədən Azərbaycan hökumətinə, həmçinin  Xarici işlər, Daxili işlər və Ədliyyə nazirliklərinə rəhbərlik etmiş Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının diplomatik münasibətlərin yaradılmasında, ordu quruculuğunda, təhsil və digər sahələrdə böyük işlər gördüyünü bildirib.

Elmi sessiyada Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı "Azərbaycanın istiqlal mücahidi" mövzusunda məruzə edib. Müstəqil Azərbaycan dövlətinin yaradıcılarından biri və onun ilk Baş naziri Fətəli xan Xoyskinin siyasi fəaliyyətindən geniş danışan G.Qafqazlı onun Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından öncə də müxtəlif vəzifələrdə çalışdığını, II Dövlət Dumasının deputatı seçildiyini bildirib. Daha sonra Azərbaycan öz müstəqilliyini elan etdiyi gündən etibarən Fətəli xan Xoyskinin dövlətin Baş naziri və eyni zamanda müxtəlif dövrlərdə həm Ədliyyə, həm də daxili işlər naziri vəzifəsini icra etdiyini nəzərə çatdıran məruzəçi onun Milli hökumət qurulduğu andan başlayaraq Azərbaycan üçün əvəzsiz xidmətlər göstərdiyini, o cümlədən Azərbaycanın dəyişdirilmiş yer adlarının geri qaytarılması, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycanın pulunun və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması prosesində bilavasitə iştirak etdiyini vurğulayıb.

Elmi sessiyanın sonunda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti