Oktyabrın 9-da Koreyanın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Dillər Universitetinin (ADU) Koreya Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Tərcümə fakültəsinin Koreya dili üzrə təhsil alan tələbələri arasında Koreya Əlifbası – “Hanqıl Günü” münasibətilə müxtəlif müsabiqələr keçirilib.
Ənənəvi olaraq hər il təşkil olunan bu müsabiqələrin əsas məqsədi tələbələr arasında Koreya dili və mədəniyyətinə marağı artırmaq, Koreya mədəniyyətinin təbliğinə və tələbələrin yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
Müsabiqələr birinci kurs tələbələri arasında “Gözəl yazı”, ikinci, üçüncü və dördüncü kurs tələbələri arasında isə esse (inşa) müsabiqəsi formatında keçirilib. Tələbələr müsabiqələrdə böyük həvəs və yaradıcılıqla iştirak ediblər.
Nəticələrə əsasən qaliblər:
I və II yer (1-ci kurs): Məmmədova Yaqut və Ömərova Hürü
2-ci kurs üzrə qalib: B24-240 qrupunun tələbəsi Zeynallı Röya
3-cü kurs üzrə qalib: B23-360 qrupunun tələbəsi Məmmədli Gülşən
4-cü kurs üzrə qalib: 459-cu qrupun tələbəsi (Koreya dili–Rus dili ixtisası) Ələkbərova Elvira
Müsabiqə qalibləri təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir çərçivəsində tələbələr həmçinin Koreya Əlifbası Günü münasibətilə kalliqrafiya aksiyası həyata keçiriblər. Onlar dekanlıq, fakültə və kafedraları ziyarət edərək əməkdaşların və müəllimlərin adlarını “Hanqıl” əlifbası ilə kalliqrafiya üsulunda yazıb, xüsusi hazırlanmış əlfəcinlər üzərində təqdim ediblər.
Bundan əlavə, tədbir zamanı tələbələr üçün 한복 입기 체험 (Hanbok geyinmə təcrübəsi) də təşkil olunub. Tələbələr ənənəvi Koreya geyimində şəkil çəkdirərək Koreya mədəniyyətini yaxından hiss etmək imkanı əldə ediblər.
Müsabiqə və aksiyada fəallıq göstərən bütün tələbələrə təşəkkür edilib.