Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Ustad dərsləri” layihəsi çərçivəsində “Startap ekosisteminə giriş” mövzusunda növbəti təlim keçirilib. Təlim aparıcısı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri dosent İsa Qasımov olub.
BDU-dan bildirilib ki, ustad dərsinin məqsədi tələbə və müəllimlərdə innovativ düşüncə tərzinin formalaşdırılması, startap mədəniyyətinin təşviqi və praktiki bacarıqların inkişafına dəstək verilməsidir.
Ustad dərsində bilik istehsalında və texnologiyaların transferində qlobal trendlər, təhsil proseslərində mütərəqqi yanaşmalar, intellektual kapitalın inkişafında sahibkar düşüncə tərzi, biliyin transferində startap yanaşması mövzuları ətrafında müzakirələr aparılıb. Məruzəçi qeyd edib ki, müasir dövrdə universitetlər yalnız bilik ötürən deyil, həm də innovasiyanın, tədqiqatın və sahibkarlığın əsas mərkəzinə çevrilməlidir.
Növbəti aylarda “Ustad dərsləri” layihəsi çərçivəsində İsa Qasımovun təqdimatında “Startap qurmaq və inkişaf etdirmək” və “Təqdimat bacarıqları” mövzularında da təlimlərin keçirilməsi nəzərdə tutulur.