Logo

Gülay Həbibullazadə: Prezident təqaüdü mənim üçün təkcə mükafat deyil, həm də gələcəyə inamın rəmzidir MÜSAHİBƏ

21.10.2025 15:01 32 baxış
IMG

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də Gülay Həbibullazadədir. O, paytaxtın Xətai rayonu 204 nömrəli tam orta məktəbini qızıl attestat və qızıl nişanla bitirib.

Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan Gülay Həbibullazadə AZƏRTAC-a müsahibəsində onu bu uğura aparan yoldan, gələcək planlarından söz açıb.

- Səni Prezident təqaüdünə layiq görülməyin münasibətilə təbrik edirik! İmtahanlarda uğuru necə əldə etdin?

- Çox sağ olun. Bu uğura səbir, planlı çalışma və davamlı motivasiya ilə nail oldum. Hazırlıq müddətində qarşıma konkret bir hədəf qoymuşdum və məqsədimə çatmaq üçün planlı şəkildə çalışırdım. Bəzən yorğunluq, çətinlik və tərəddüd olsa da, inamımı heç vaxt itirmirdim. Mənə ən çox güc verən isə ailəmin və müəllimlərimin dəstəyi, onların mənə inamı idi.

Hazırlıq dövrüm həm çətin, həm də öyrədici oldu. Gündəlik plan tərtib etmişdim və ona ciddi şəkildə əməl etməyə çalışırdım. Mənim fikrimcə, əsas məsələ kəmiyyətcə çox oxumaq deyil, materialı dərindən qavramaqdır.

Əsas diqqətimi ixtisas fənlərimə yönəltmişdim, çünki qəbul balımın böyük hissəsi onlardan asılı idi. Xüsusilə Azərbaycan dili və tarix vaxtımı daha çox alırdı. Bu fənlər mənə daha maraqlı gəlirdi, buna görə də onları daha dərindən öyrənirdim.

-Qəbul imtahanından neçə bal topladın?

-Ümumilikdə 686.9 bal toplamışam. Bu nəticə mənim üçün həm qürurverici, həm də zəhmətimin bəhrəsi idi. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını (tədris ingilis dilində) seçdim. Bu ixtisas uşaqlıqdan maraq göstərdiyim bir sahə idi. Özümü bu istiqamətdə daha yaxşı inkişaf etdirəcəyimə və gələcəkdə cəmiyyətə, xalqıma faydalı vətəndaş, vicdanlı hüquqşünas olacağıma inanıram.

- Sənə ən çox kim dəstək oldu?

-Ən böyük motivasiyam ailəmin dəstəyi və gələcək arzularım idi. Özümü sübut etmək, ailəmi qürurlandırmaq, zəhmətimin nəticəsini görmək istəyirdim. Bundan başqa, hədəfimin aydın olması da çox vacib idi. Mən hüquqşünas olmağı sadəcə bir peşə kimi deyil, ədalət uğrunda mübarizə aparmaq, cəmiyyətə fayda vermək imkanı kimi görürdüm. Bu düşüncə məni daha çox çalışmağa sövq edirdi.

-Prezident təqaüdünə layiq görülmək sənə hansı hissləri yaşatdı?

-Bu xəbər mənim üçün həm sevinc, həm də qürur mənbəyi oldu. Öz zəhmətimin dəyərləndirildiyini görmək çox xoş idi və bu, gələcəkdə daha böyük məqsədlərə yönəlməyim üçün mənə güc verdi. Bu münasibətlə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu təqaüd mənim üçün təkcə mükafat deyil, həm də gələcəyə inamın rəmzidir.

-Gələcək planların barədə nə deyə bilərsən?

-Gələcəkdə seçdiyim sahədə peşəkar olmaq, ölkəmə faydalı bir hüquqşünas kimi xidmət etmək istəyirəm. Eyni zamanda, təhsilimi xaricdə tamamlayıb, qazandığım təcrübələri ölkəmizdə tətbiq etməyi arzulayıram.

-Boş vaxtlarını necə keçirirsən?

-Boş vaxtlarımda filmlər izləyirəm, xüsusilə Koreya və Çin filmləri, bununla yanaşı milli və xarici musiqi əsərlərini dinləyirəm.

-Uğur qazanmaq üçün həmyaşıdlarına nə arzu edərdin?

- Əzmlə çalışsınlar, heç vaxt öz arzularını heç kəsə qurban verməsinlər, hansı peşəni seçməsindən asılı olmayaraq daim vicdanlı və ədalətli olmağa səy göstərsinlər.

Xəbər lenti