Logo

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21.10.2025 16:40 30 baxış
IMG

Oktyabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş “Azərbaycan energetikasının dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetin kiçik akt zalında keçirilən konfransda “Azərbaycan İES” MMC-nin nümayəndələri, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, energetika sahəsinin ölkə iqtisadiyyatındakı strateji roluna diqqət çəkib. Rektor qeyd edib ki, universitet-sənaye əməkdaşlığının inkişafı, xüsusən də energetika ixtisasları üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi MDU-nun prioritet istiqamətlərindəndir. Ölkənin enerji istehsalı sahəsində mühüm rol oynayan mingəçevirli energetiklərin rolunu yüksək qiymətləndirən A.Eminov onları peşə bayramları münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov çıxış edərək Mingəçevirin ölkənin enerji sistemindəki xüsusi rolundan bəhs edib, universitetlə müəssisə arasında əməkdaşlığın önəmini vurğulayıb. MDU-nun enerji istehsalı sahəsində ixtisaslı kadrların yetişdirilməsində müstəsna rol oynadığını bildirən T.Hüseynov universitet rəhbərliyinə, müəllimlərə minnətdarlığını bildirib. 
Rektor A.Eminov T.Hüseynovu energetika sahəsinin inkişafına verdiyi töhfələrə, yüksək peşəkarlığına və məsuliyyətinə, enerji təhlükəsizliyinin təminindəki fəal fəaliyyətinə, həmçinin MDU ilə səmərəli əməkdaşlığına görə və Energetiklər Günü münasibətilə təltif edib.

Tədbir çərçivəsində energetika sahəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra konfrans öz işini məruzələrlə davam etdirib.

Energetika kafedrasının müdir əvəzi Mahir İsmayılov “Energetika ixtisasları üzrə kadr hazırlığında universitet-sənaye əməkdaşlığının əhəmiyyəti”, universitetin müəllimlərindən Əbülfət Ədilov “Energetikanın inkişafında prioritet məsələlər”, Mədinə Əliyeva isə “Müasir Azərbaycanın elektrik şəbəkələri”, MDU-nun məzunlarından “Azərbaycan İES” MMC-nin xüsusi işlər üzrə mütəxəssisi Emin Paşayev “Azərbaycanda energetikanın inkişafında Mingəçevirin rolu” və texniki istehsalat şöbəsinin rəis müavini Şahin Nağıyev “Yeni ‘8 Noyabr elektrik stansiyası’nın elektroenergetikada rolu və iqtisadi səmərəliliyi” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycanın energetika sistemində baş verən müasir proseslər, yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və alternativ enerji mənbələrinin inkişafı ilə bağlı aktual məsələlər diqqət mərkəzində olub.

Məruzələrdən sonra universitetin qocaman müəllimlərindən Əbülfət Ədiov Energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə, gənc mühəndislərin hazırlanması işinə verdiyi dəyərli töhfələrə, eləcə də 20 Oktyabr – Energetiklər Günü münasibətilə bu sahənin inkişafına göstərdiyi xidmətlərə görə təltif edilib.

Qeyd edək ki, 20 Oktyabr – Energetiklər Günü ilə bağlı MDU-da müxtəlif tədbirlər keçirilir.

 

 

 

 


 

Xəbər lenti