Logo

BMU-da İsrailin kibertəhlükəsizlik üzrə tanınmış alimi ilə görüş olub

21.10.2025 16:54 41 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) İsrailin Təl-Əviv Universitetinin Kibermüqavimət laboratoriyasının müdiri, Blavatnik İnterdisiplinar Kibertədqiqat Mərkəzinin elmi rəhbəri, tanınmış kibertəhlükəsizlik üzrə mütəxəssis professor Lior Tabanski ilə görüş keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev öncə universitet haqda qonağa məlumat verib. İnformasiya texnologiyaları (IT) ixtisaslarının inkişafı yönündə görülən işləri ayrıca vurğulayan rektor qeyd edib ki, rəqəmsallaşma dövründə bu sahə müasir mühəndislik təhsilinin əsas istiqamətlərindən biridir və beynəlxalq təcrübənin də yaxından öyrənilməsi universitet üçün prioritet təşkil edir. BMU-nun IT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını qarşıya əsas məqsəd kimi qoyduğunu vurğulayan Yaqub Piriyev bunun üçün həm tədris proqramlarının müasirləşdirilməsi, həm də beynəlxalq tərəfdaşlarla birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar atıldığını söyləyib. Rektor BMU-da ötən il fəaliyyətə başlayan İnformasiya və kompüter texnologiyaları fakültəsi, bp ilə birgə qurulan Kibertəhlükəsizlik laboratoriyası, habelə Çin və Cənubi Koreyanın aparıcı universitetləri ilə gerçəkləşdirilən ikili diplom proqramları barədə də qonağı məlumatlandırıb. İsrailin qabaqcıl təcrübəsinin, Təl-Əviv Universitetinin elmi nailiyyətlərinin BMU üçün böyük maraq doğurduğunu vurğulayan Yaqub Piriyev bu baxımdan kibertəhlükəsizlik üzrə tanınmış alim Lior Tabanski ilə əməkdaşlıq məsələlərinə diqqət çəkib.

Nüfuzlu beynəlxalq qurumlar çərçivəsində, o cümlədən dünyanın müxtəlif universitetlərində keçirilən konfrans və ekspert qruplarında məruzələr edən Lior Tabanski isə çıxışında kibertəhlükəsizlik strategiyasının formalaşmasında toplanmış uğurlu təcrübəsini bölüşüb. BMU ilə əməkdaşlıq potensialını yüksək qiymətləndirən İsrail alimi universitetin gənc tədqiqatçılar üçün yaratdığı müasir innovasiya mühitini təqdir edib.

Görüşdə kibertəhlükəsizliyin artan əhəmiyyəti, kritik infrastrukturun qorunması, rəqəmsal transformasiya və təhsil müəssisələrinin bu proseslərdə rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin birgə elmi-tədqiqat layihələri, Lior Tabanskinin BMU-ya müvafiq ixtisaslar üzrə mühazirəçi professor kimi dəvət olunması nəzərdən keçirilib. Səmərəli əməkdaşlığın tələbə və müəllimlərin IT sahəsində yeni biliklər qazanacağına, birgə tədqiqatlar və innovativ layihələr həyata keçirəcəyinə real töhfələr verəcəyi vurğulanıb.

 

Xəbər lenti