Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Buradayam\İ am Here” sərgisi təşkil edilib.
Azərbaycan Fotoqraflar Birliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgidə təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gəncə, Quba, Şuşa və digər şəhərlərə səyahətlərinin kiçik hekayələridir. Vətənimizin möhtəşəm mənzərələri, tarixi-mədəni abidələri, gündəlik həyatını əks etdirməklə yanaşı, tələbə və məzunlar fotolar vasitəsilə təəssüratlarını, münasibətlərini də bölüşürlər. Sərginin məqsədi tələbələrin mədəni inteqrasiyaya yönəlməsi, yeni mühitdə özlərini rahat, doğma hiss etməsi, universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarının vurğulanmasıdır. Bu təşəbbüs onlar üçün özlərini, dünyagörüşlərini və gözləntilərini, həmçinin perspektivlərini səsləndirmək baxımından unikal şansdır.
Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin əsərləri nümayiş etdirilir. Ümumi konseptlə yanaşı, iştirakçıların hər biri mövzuya dair fərdi yanaşmasını formalaşdırıb və fotonun vizual dili vasitəsilə təqdim edib.
Asude Yılmaz Mehmet (Türkiyə, Teatr sənəti fakültəsi, bakalavr, 1-ci tədris ili) Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrini, şəhərin gecə işiqlarını vurğulayır və onları sakit təbiət mənzərələri ilə qarşılaşdırır.
Ayzada Seytibaeva (Özbəkistan, Rəssamlıq fakültəsi, magistrant, 1-ci tədris ili) geyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştirak edir. Ayzada fotolarda Qarabağla bağlı xatirələrini bölüşür.
Wasif Bilguis Ahmedin (Pakistan, Audiovizual sənətlər fakültəsi, magistrant, 1-ci tədris ili) Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.
Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakültəsi, magistrant) məzun olsa da, ADMİU ilə daim əlaqədədir. Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranıb. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölgə effektləri dərin fəlsəfi yanaşmanı əks edir