Oktyabrın 22-də Yaradıcı Mərkəzdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində təşkil olunmuş müsabiqənin nəticələrinə dair mətbuat konfransı keçirilib.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova nazirlik mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə təhsilin inkişafının diqqətdə saxlanıldığını bildirib. Deyib ki, MYS-lər üzrə istehsalın dünya iqtisadiyyatında payı ildən-ilə artır.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova təqaüd proqramı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və ixrac potensialının gücləndirilməsi” məqsədinə uyğun olaraq həyata keçirilir. Tədbirlər Planına əsasən, müasir və rəqabətqabiliyyətli yaradıcı sənayelərin tələblərinə cavab verən sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması üzrə əsas icraçı qurum Mədəniyyət Nazirliyi müəyyən edilib.
Bidirilib ki, proqram çərçivəsində yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi həyata keçirilir.
Mədəniyyət Nazirliyi tərəfindən bu ilin 2 aprel – 31 may tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilib. My.culture.az saytı vasitəsilə şəxsi kabinet üzərindən ümumilikdə 61 nəfər qeydiyyatdan keçib və onlardan 46 nəfər müsahibədə iştirak etmək şansı qazanıb.
Nazirlik yanında sahə üzrə mütəxəssislərdən ibarət “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı komissiyası”nın qiymətləndirməsinə əsasən, 25 nəfər namizəd builki təqaüd proqramına seçilib. 11 namizəd bakalavriat, 14 namizəd isə magistratura səviyyələrinə uyğun olaraq təhsillərini müxtəlif xarici ali təhsil müəssisələrində davam etdirəcəklər.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, təqaüdə layiq görülən tələbələr Böyük Britaniya, İtaliya Türkiyə, ABŞ, Belçika, Fransa və İspaniya daxil olmaqla 14 ölkənin prestijli universitetlərində təhsil alırlar. Qeyd olunub ki, təqaüd proqramı üçün ixtisaslar sırasında müasir dövrün çağırışlarına cavab verən və ölkəmizdə daha çox ehtiyac duyulan MYS sahələri xüsusi nəzərə alınıb.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Sonda Yaradıcı Mərkəzin fəaliyyəti ilə tanışlıq olub.