İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “R.M. 90” proqramlaşdırma müsabiqəsi keçirilib.
Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik yubileyi münasibətilə təşkil olunan müsabiqənin finalında seçim mərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 50 nəfər iştirak edib. Finalçılar proqramlaşdırmanın C++ , “Phyton” dilləri istiqamətində bilik və bacarıqlarını sınayıblar.
Müsabiqə başa çatdıqdan sonra tədbirin rəsmi hissəsi keçirilib. Tədbirdə çıxış edən İRİA-nın departament müdiri Vüsalə Qurbanova sözügedən müsabiqənin əhəmiyyəti və üstünlüklərini vurğulayaraq qalibləri təbrik edib, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb. Tədbirdə, həmçinin Azərbaycan Texniki Universitetinin prorektoru, ICPC Azərbaycan üzrə Regional Müsabiqə Direktoru və 49-cu ICPC Dünya Finalının direktoru çıxış ediblər.
Tədbir qaliblərin mükafatlandırılması mərasimi ilə yekunlaşıb. Nəticələrə əsasən 1-ci yer üzrə 3 nəfər, 2-ci yer üzrə 3 nəfər və 3-cü yer üzrə 3 nəfər qalib müəyyən edilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd IT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan, Azərbaycanın ilk proqramçısı hesab olunan görkəmli alim Ramin Mahmudzadənin irsini gənc proqramçılara çatdırmaq, sahə üzrə yeni istedadları kəşf etmək, həmçinin gənclərə yeni bilik və bacarıqlar qazandırmaqdır.