Oktyabrın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş elmi işçi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yeni arxiv materialları əsasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında mühazirə oxuyub.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamını xatırladaraq, bu münasibətlə AMEA-da da bir sıra tədbirlərin keçirildiyini deyib.
Professor Solmaz Rüstəmova-Tohidi çıxışında Üzeyir Hacıbəyli ilə bağlı çoxsaylı arxiv sənədlərini araşdırdığını deyib. Onun sözlərinə görə, həmin sənədlərdə bir neçə cildlik kitabı əhatə edəcək materiallar var və yaxın aylarda onun ilk cildini çapa təqdim edəcək. Məruzəçi həmin cilddə Üzeyir Hacıbəylinin ailə üzvləri, qohumları, dövrünün ictimai-siyasi, elm, ədəbiyyat, incəsənət xadimləri ilə məktublaşmalarının yer alacağını söyləyib. Bildirib ki, Üzeyir Hacıbəylinin məktublarından onun məşhur bəstəkar, ictimai xadim olmasına baxmayaraq, necə sadə, səmimi insan olması üzə çıxıb. Professor Solmaz Rüstəmova-Tohidi Ü.Hacıbəylinin tək musiqi sahəsində deyil, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək peşəkarlıqla çalışdığını, uğurlar qazandığını deyib, onun qəzetlərdəki redaktorluğu, yazıları ilə mətbuat tarixinə, məktəblərdəki fəaliyyəti, hazırladığı dərsliklərlə maarifçilik tariximizə düşdüyünü qeyd edib. Alim onun istiqlal daşıyıcısı kimi ictimai-siyasi fəaliyyətini, mətbuatdakı yazılarını xatırladıb. O, Üzeyir Hacıbəylinin musiqi əsərlərinin təkcə Azərbaycan deyil, bütövlükdə Şərq mədəniyyəti tarixində tutduğu mövqeyindən danışıb, həmin əsərlərin yaranması və ilk nümayişlərinin tarixindən bəhs edib, müəllifin məktubları əsasında onun özünün bütün bunlara münasibətini diqqətə çatdırıb.