Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanmış “Yaşıl kitabxanalar” nəşri çapdan çıxıb. Kitabın müəllifi MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.
MEK-dən bildirilib ki, müəllif kitabda ölkəmizdə ekoloji davamlılıq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmasını, ekoloji mühitin saflaşdırılmasının dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb.
Səyyarə Məmmədova Prezident İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı verdiyi sərəncamların, qəbul olunmuş müxtəlif dövlət proqramlarının ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, iqlim dəyişmələrinin təsirinin yumşaldılması və azaldılmasına xidmət etdiyini qeyd edib. Metodik vəsaitdə Azərbaycan kitabxanalarının, xüsusilə Mərkəzi Elmi Kitabxananın yaşıl hərəkata uğurla qoşulduğundan bəhs olunub. Kitabxana tərəfindən həyata keçirilən çoxsaylı tədbirlər, elmi-praktik konfranslar, virtual və ənənəvi sərgilər, MEK-in tərtibatında hazırlanmış “Təbiət bir kitabdır”, “Azərbaycan ekologiyası” adlı nəşrlər “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə kimi dəyərləndirilib.
Nəşrdə, eyni zamanda, dünyada yaşıl kitabxanalar, yaşıl kitabxana bina standartları, IFLA-nın yaşıl kitabxanalar sahəsində fəaliyyəti haqqında məlumat yer alıb.
Kitaba Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı da daxil edilib. Metodik vəsait “Azərbaycanda ekoloji davamlılıq və yaşıl dünya naminə həmrəylik”, “Yaşıl kitabxanalar”, “Yaşıl kitabxana bina standartları”, “Dünyada Yaşıl Kitabxana Assosiasiyaları”, “Dünyanın yaşıl kitabxanaları”, “Azərbaycan kitabxanalarında yaşıl hərəkat”, “Davamlı gələcək üçün kitabxanalar”, “Yaşıl Kitabxanalar Manifesti: iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olan kitabxanalar” başlıqlı bölmələrə ayrılıb.
Tədris-metodik vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur.
Bu nəşr kitabxanaçılar, kitabxana sahəsi ilə maraqlanan oxucular, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.