Logo

Tarix Muzeyində Vətən müharibəsinin 5-ci ildönümü qeyd olunub

24.10.2025 13:16 34 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Milli kimlik və tarix” mövzusunda tədbir keçirilib.

Muzeydən bildirilib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli kimliyini formalaşdıran dəyərləri və müharibə iştirakçılarının şücaətini gənc nəslə aşılamaq olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin jest dilində ifası ilə başlanıb. Himni Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin gəncləri səsləndiriblər.

Açılışda Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək Vətən müharibəsinin Azərbaycan tarixində şanlı səhifə olduğunu, bu günün gəncliyinin həmin qəhrəmanlıq ənənəsini davam etdirməsinin vacibliyini vurğulayıb. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Vüsal Hətəmov döyüşlərdə iştirakından, müharibə dövründə qazandığı təcrübələrdən və şəhidlərimizin xatirəsinin qorunmasının mənəvi borc olmasından söz açıb.

Muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – baş mühafiz Məhfuzə Zeynalova çıxışında şəhidlərin şəxsi əşyalarının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Daha sonra şəhid Sənan Abdullayevin atası Şahin Abdullayev övladının və bütün şəhidlərin qəhrəmanlığından söz açıb. O, bu cür tədbirlərin şəhid ailələrinə mənəvi dayaq olduğunu və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini bildirib.

Muzeydə, həmçinin şəhidlərin şəxsi əşyalarından ibarət sərgi nümayiş etdirilib. Bununla yanaşı, əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.

Tədbir Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivinin ifaları ilə davam edib.

Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Xəbər lenti