Müəllimlərin işə qəbulu sisteminə müraciət edənlərin təxminən orta hesabla 18-20 faizi bu prosesdə iştirak etmir.
Bunu Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini qeyd edib: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq kollegiya qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişmə qaydaları” hazırlanaraq təsdiq edilib və normativ-hüquqi akt kimi reyestrə daxil edilib. Hazırda müəllimlərin işə qəbulu qeyd edilən qaydalarla tənzimlənir. Qaydalara əsasən, müəllimlərin işə qəbulu iki mərhələdən ibarətdir. Birinci mərhələ test imtahanı, ikinci mərhələ müsahibə mərhələsidir və adından da göründüyü kimi, test imtahanı mərhələsi bir prosesdir. 2023-cü ildə 57 min 672 nəfər, 2024-cü ildə 60 min 669 nəfər, 2025-ci ildə 65 min 573 nəfər müəllimlərin işə qəbulu sisteminə müraciət edib. 2023-cü ildə müraciət edənlərin yalnız 39 faizi ilk dəfə müraciət edən şəxslərdir. 61 faizi təkrar sistemə müraciət edənlərdir. 2024-cü ildə müraciət edənlərin 34 faizi ilk dəfə, 66 faizi təkrar müraciət edənlərdir. 2025-ci ildə müraciət edənlərin 33 faizi ilk dəfə, 67 faizi təkrar müraciət edənlərdir. Onların təxminən 18-20 faizinin sistemə müraciət etməsinə baxmayaraq, bu prosesdə iştirak etmir. Bu da müəyyən problemlər yaradır”.