Logo

Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

27.10.2025 13:51 37 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Uşaq və Gənclər Ədəbiyyatı Yazıçıları Assosiasiyası, Qaziantep Uşaq və Gənc Ədəbiyyat Yazarları Dərnəyi, Qaziantep Valiliyi, Böyükşəhər Bələdiyyəsi, Qaziantep Universiteti, İslam Elm və Texnologiya Universiteti, Milli Təhsil Müdirliyi, UNESCO-nun Təhsil, Elm və Mədəniyyət Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən “XII Beynəlxalq uşaq və gənclər ədəbiyyatı simpoziumu”nda iştirak edib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, F.Nəsirova simpoziumda “Səməd Behrəngi əsərlərində ailə institutu probleminin qoyuluşu” mövzusunda məruzə edib. Məruzədə ailənin cəmiyyətdəki yeri, tərbiyə prosesindəki funksiyası və mənəvi dəyərlərin formalaşmasındakı rolu müəllifin pedaqoji fikirləri və sosial realist baxışları əsasında geniş elmi təhlilə cəlb edilib. Qeyd olunub ki, uşaq ədəbiyyatında ənənəvi milli-mənəvi, əxlaqi-didaktik, ümumbəşəri ideyalar fonunda ictimai ədalətsizlik, sosial bərabərsizlik, maddi rifah, sinfi mübarizə, azadlıq uğrunda mücadilə kimi fundamental ideyaların aparıcı mövzulara çevrilməsi məhz Səməd Behrənginin adı ilə bağlıdır. Məruzədə uşaq və yeniyetmənin fərddən şəxsiyyətə təkamülü yolunda onu dəstəkləyən, hər qərarında yanında və ya əksinə, qarşısında yer alan ən müxtəlif ailələrin istər psixoloji, istər sosioloji aspektdən təsviri Behrəngi yaradıcılığının xarakterik xüsusiyyəti kimi səciyyələndirilib. Yazıçıya görə cəmiyyətin kiçik modeli – ailə sosial münasibətlərin nüvəsi rolunu oynamaqla həm inkişafın əsas mənbəyi, həm də geriliyin, tənəzzülün göstəricisidir. Qoruyucu funksiyası, əxlaq və mənəviyyatın təbliği, tərbiyələndirici missiyası ilə cəmiyyətin təkanverici qüvvəsi olan ailə etnik yaddaşın, folklorun, dilin daşıyıcısıdır. S.Behrənginin ailə institutu haqqında baxışlarının qruplaşdırılaraq mərhələli şəkildə təqdimi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti