Misir-Azərbaycan Dostluq Cəmiyyətində Qahirədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirov Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə məlumat verib.
Seymur Nəsirov Misirdə Vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında tövsiyələrini verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd olunub ki, tələbələrin istəyi ilə onlar üçün diaspor mərkəzində ərəb dili kursları təşkil olunub. Həmçinin bildirilib ki, tələbələrin yerləşməsinə, sənədlərinin qaydaya salınmasına və təhsillərinə lazım olan köməklik göstərilir.
Azərbaycanlı tələbələr təhsillərini Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təqdim etdiyi təqaüd proqramı çərçivəsində davam etdirirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri