Logo

Bölgələrin inkişafı və mütəxəssis çatışmazlığı: niyə universitetlər bu tələbi ödəyə bilmir?

25.10.2025 18:45 376 baxış
IMG

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, Azərbaycanda regional inkişafın dayanıqlı təmin olunması üçün müasir əmək bazarının tələblərinə cavab verən çoxprofilli kolleclərin yaradılması artıq zərurətə çevrilib. Onun sözlərinə görə, ölkədə mövcud ali təhsil sistemi uzun illərdir ki, bölgələrin sosial-iqtisadi inkişafı ilə ayaqlaşa bilmir və universitetlərin kütləvi diplom istehsalı modeli real sektorun ehtiyaclarına uyğun kadr hazırlığına imkan vermir.

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, bu vəziyyətin formalaşmasında əsas səbəblərdən biri ali təhsil müəssisələrinin əmək bazarına inteqrasiyasının zəifliyiistehsalatla əlaqələrinin qırılmasıdır. Ekspert bildirir ki, “Əmək Məcəlləsinin 18-ci maddəsinə görə, işəgötürənlər müvafiq ixtisas üzrə kadr hazırlığında iştirak etməlidirlər, lakin bu tələb reallıqda çox az halda tətbiq edilir. Universitetlər bu sahədə öz üzərinə düşən məsuliyyəti icra etmir”.

Hazırda Azərbaycanda 40-dan çox ali təhsil müəssisəsi fəaliyyət göstərir, amma Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, universitet məzunlarının yalnız 47 faizi ixtisasına uyğun iş tapa bilir. Qalan hissə ya başqa sahələrdə çalışır, ya da ümumiyyətlə əmək bazarından kənarda qalır. Bu göstərici Avropa İttifaqı üzrə orta 76 faiz göstəricisindən xeyli aşağıdır.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, “Universitetlər hələ də 1990-cı illərin struktur modelinə əsaslanır. Yeni texnologiyaların, sənaye 4.0 və yaşıl iqtisadiyyatın tələbləri nəzərə alınmadan proqramlar hazırlanır. Halbuki, müasir təhsil sistemi çevik olmalı, regionların iqtisadi xüsusiyyətlərinə və əmək bazarının spesifik tələblərinə uyğun kadr hazırlığı həyata keçirməlidir.”

Dünya təcrübəsi göstərir ki, regional inkişafla təhsil arasında birbaşa əlaqə mövcuddur. Məsələn, Finlandiyada kolleclər və peşə məktəbləri bölgələrin iqtisadi profilinə uyğun ixtisaslar üzrə fəaliyyət göstərir. Ölkədə 2023-cü ilin məlumatına əsasən, kolleclərin məzunlarının 82 faizi bir il ərzində işlə təmin olunur. Almaniyada “dual təhsil sistemi” çərçivəsində tələbələr təhsillərini həm tədris müəssisəsində, həm də istehsalat müəssisəsində davam etdirir. Bu sistem nəticəsində Almaniyada gənclər arasında işsizlik səviyyəsi 5,8 faiz təşkil edir, bu isə Avropada ən aşağı göstəricilərdən biridir.

Təhsil eksperti Kamran Əsədov sitat gətirir ki, “Azərbaycan da bu istiqamətdə regional çoxprofilli kolleclərin şəbəkəsini formalaşdırmalıdır. Bu kolleclər yerli icra hakimiyyətləri və sahibkarlar birlikləri ilə birgə fəaliyyət göstərməlidir. Kolleclər yalnız tədris ocağı deyil, həm də regionun iqtisadi inkişaf mərkəzinə çevrilməlidir.”

Ekspertin sözlərinə görə, Ali təhsil haqqında Qanunun 18-ci maddəsində göstərilir ki, ali təhsil müəssisələrinin fəaliyyətində tədris, tədqiqat və istehsalatın inteqrasiyası təmin edilməlidir. Lakin bu müddəa hazırda nominal xarakter daşıyır. “Universitetlərdə elmi-tədqiqat nəticələrinin real sektorda tətbiqi səviyyəsi 10 faizdən aşağıdır. Bu isə iqtisadiyyatın innovasiya potensialını zəiflədir və bölgələrdə müasir ixtisaslı kadrların çatışmazlığına səbəb olur,” — Kamran Əsədov bildirir.

Müqayisə üçün, Cənubi Koreyada regional universitetlərin elmi-tədqiqat nəticələrinin 35 faizi sənaye sektorunda tətbiq olunur, Yaponiyada bu göstərici 40 faizdən çoxdur. Azərbaycanda isə universitetlərin elmi məhsuldarlığı, eləcə də sahibkarlıqla əməkdaşlıq səviyyəsi bu göstəricilərlə müqayisə oluna bilmir.

Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, “Hazırda ölkədə bir çox universitetlər faktiki olaraq şəhər mərkəzlərində cəmlənib, bölgələrdə isə elmi və tədris infrastrukturunun zəifliyi səbəbindən gənclər paytaxta axışır. Halbuki, təhsilin regionlaşdırılması həm sosial bərabərliyə, həm də iqtisadi sabitliyə xidmət edə bilər.”

Onun sözlərinə görə, bölgələrdə çoxprofilli kolleclərin yaradılması həm əmək bazarının tarazlaşdırılmasına, həm də ali təhsilin kəmiyyət deyil, keyfiyyət mərkəzli olmasına kömək edəcək. “Universitetlər rəqabət qabiliyyətli mütəxəssis deyil, sadəcə diplom verən müəssisəyə çevrilib. Bu, milli insan kapitalına ən böyük təhlükədir,” — deyə Kamran Əsədov qeyd edir.

Ekspert sonda vurğulayır ki, Təhsil haqqında Qanunun 4-cü maddəsində göstərilən “təhsilin iqtisadiyyatla əlaqələndirilməsi” prinsipi faktiki həyata keçərsə, Azərbaycanın regional inkişaf xəritəsi də dəyişəcək. “Əgər biz bölgələrdə təhsili real iqtisadi proseslərin bir hissəsinə çevirə bilsək, həm yerli potensialı üzə çıxararıq, həm də universitetlərin ölkənin gələcək inkişafındakı rolunu yenidən dəyərləndirmiş olarıq,” — Kamran Əsədov bildirir.

Beləliklə, müasir dövrdə regional çoxprofilli kolleclərin yaradılması təkcə təhsil məsələsi deyil, həm də iqtisadi və sosial inkişaf strategiyasının əsas tərkib hissəsidir. Azərbaycan üçün bu addım həm təhsil keyfiyyətinin, həm də insan kapitalının rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından həlledici olacaq.

 

Bəhman Hüseynli

Xəbər lenti