Bakıda Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə keçirilən “Avropada təhsil” sərgisi hər il Aİ-yə üzv ölkələrin universitetlərini və təhsil müəssisələrini bir araya gətirir. Bu il İsveçi “Study in Sweden” portalı təmsil edir. Portal vasitəsilə İsveçdə təhsil imkanları, təqaüdlər və qrantlar, eləcə də magistr təhsilini başa vurduqdan sonra işlə bağlı viza üçün müraciət imkanı barədə ətraflı məlumat təqdim olunur.
Bu barədə AZƏRTAC-a müsahibəsində İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzson deyib.
Səfir ölkəsinin təhsil imkanları barədə məlumat verib və bildirib ki, İsveçdə təhsil alan tələbələr yalnız bakalavr və ya magistr pilləsində deyil, doktorantura səviyyəsində də öz elmi fəaliyyətlərini davam etdirə bilirlər. “Magistr təhsilini başa vuran tələbələr üçün birillik işaxtaran vizası nəzərdə tutulub. Bu, onlara təhsillərini real iş imkanları ilə əlaqələndirməyə və İsveçdə karyeraya başlamağa şərait yaradır,” – deyə Tobias Lorentzson vurğulayıb.
Tobias Lorentzson sərgidə tələbələrin İsveç təhsilinə olan marağından məmnun qaldığını, bu kimi tədbirlərin iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın inkişafına töhfə verdiyini əlavə edib.