Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Xalq şairi, görkəmli ədib və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda filial rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər. Filialın direktoru dosent Mobil Məcidov açılış nitqi ilə çıxış edərək şairin ədəbi irsinin milli kimliyin formalaşmasındakı rolu və bugünkü nəsil üçün əhəmiyyətindən bəhs edib. Plenar iclasda Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri dosent Vaqif Allahverdiyev “Bəxtiyar Vahabzadənin yaradıcılığında fəlsəfi fikrin poetik ifadəsi”, kafedranın dosenti Sabir Məmmədov isə “Bəxtiyar Vahabzadənin yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış edib. Konfrans çərçivəsində tələbələr tərəfindən Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Həmçinin öncədən keçirilmiş şeir və inşa müsabiqəsinin qaliblərinə diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında filialın müxtəlif kafedralarını təmsil edən 50-dək müəllim Bəxtiyar Vahabzadənin yaradıcılığına dair müxtəlif aspektləri əhatə edən məruzələrlə çıxış ediblər.