Logo

BDU-da tədbir: Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş

27.10.2025 13:46 32 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsinin ilk tədbiri keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, layihənin məqsədi gənclər arasında kibertəhlükəsizliklə bağlı savadlılığı artırmaq, hibrid təhdidlərə qarşı mübarizə sahəsində dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, həmçinin transmilli platformalarla qarşılıqlı əlaqələrin inkişafına dəstək verməkdir.

Tədbirdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev qeyd edib ki, fakültədə kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları Azərbaycanda, həmçinin müxtəlif ölkələrdə uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar.

Daha sonra İnformatika kafedrasının dosenti Natiq Quliyev fakültədə fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubu barədə məlumat verib.

Tədbir zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kibertəhlükəsizlik sahəsində dövlətin həyata keçirdiyi tədbirlər və milli strategiyanın əsas istiqamətləri haqqında danışıb. Layihə rəhbəri hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov hibrid təhdidlərin informasiya məkanında yaratdığı risklərdən və onlara qarşı mübarizənin hüquqi-praktik aspektlərindən bəhs edib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) baş katibi Fidan Əhmədova AKTA-nın bu sahədə gördüyü işlər və maarifləndirici təşəbbüslər haqqında məlumat verib. AKTA ekspertləri - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Lalə Məmmədli transmilli internet korporasiyalarının təhlükəsizlik standartları, Rəşad Əliyev isə texniki təhlükəsizlik standartları və kibergigiyena qaydaları haqqında çıxış ediblər.

Tədbir çərçivəsində tələbələr kibertəhlükəsizlik və hibrid təhdidlər üzrə mövcud risklərə qarşı effektiv yanaşmalar və texnoloji həllər barədə məlumatlandırılıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti