Logo

Uşaq Kitabxanasında ekskursiya və yazıçı Çinarə Köçərli ilə görüş

27.10.2025 17:08 38 baxış
IMG

Oktyabrın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakı şəhəri 88 nömrəli tam orta məktəbin şagirdləri üçün maarifləndirici ekskursiya təşkil olunub.

Kitabxanaya maraq oyatmaq, mütaliə vərdişlərini formalaşdırmaq məqsədi daşıyan ekskursiya zamanı şagirdlər kitab fondu və elektron resurslarla tanış olublar.

Sonra “Kitab oxumağın əhəmiyyəti” mövzusunda animasiya filmi təqdim edilib.

Uşaqlara mütaliənin bilik və dünyagörüşünü artırmaq baxımından rolu haqqında düşündürücü mesajlar çatdırılıb, faydalı tövsiyələr verilib.

Şagirdlər bilik və mütaliə həvəsi ilə dolu bir gün keçirərək kitabxanadan xoş təəssüratla ayrılıblar.

***

Respublika Uşaq Kitabxanası 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirlər çərçivəsində oktyabrın 27-də yazıçı Çinarə Köçərli ilə görüş keçirib. Görüşdə paytaxtın 232 nömrəli məktəbinin şagirdləri, müəllimlər və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi başlanıb, Vətən uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yazıçının “44 gün Qarabağda” üçcildliyinin üçüncü hissəsi – “Böyük Qayıdış” kitabı haqqında məlumat verilib, kitabla bağlı videoçarx nümayiş etdirilib.

Çinarə Köçərli kitablarından seçilmiş hekayə və şeirləri səsləndirib, əsərlərdə təsvir olunan tarixi məkan və abidələrin fotoları üzərində dayanaraq onların mənəvi dəyərindən söz açıb, Vətən sevgisi, igidlik, azadlıq uğrunda mübarizə kimi dəyərlərin bədii ədəbiyyatda təcəssümünün vacibliyindən danışıb.

“Böyük Qayıdış” anlayışının məğzini daha dərindən anlamaq üçün uşaqlarla interaktiv müzakirə aparılıb. Şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər söyləyib, Qarabağ mövzusunda öz düşüncələrini bölüşüblər.

Çinarə Köçərlinin yeni nəşr olunmuş “Oyun və mən” kitabı haqqında da məlumat verib. Bildirib ki, bu kitab uşaqlara birgə oyunlar və komikslər vasitəsilə dostluq və sağlam ünsiyyət bacarıqlarını aşılamaq məqsədi daşıyır.

Sonda yazıçı kitablarını imzalayaraq oxuculara hədiyyə edib.

Xəbər lenti