Logo

“UNEC qrantının qalibi: Rəqəmsal transformasiyada UNEC modeli formalaşır” | MÜSAHİBƏ

27.10.2025 17:43 31 baxış
IMG

Qrant müsabiqələri universitetlərdə yaradıcı düşüncəni stimullaşdıran, elmin cəlbediciliyini artıran və tətbiqyönlü elmi işlərin inkişafına zəmin yaradan ən mühüm mexanizmlərdən biridir. UNEC-də artıq üçüncü dəfə təşkil olunan universitetdaxili qrant müsabiqəsi də yeni ideyaları təşviq etmək, tədqiqatçıların potensialını ortaya çıxarmaq və universitet–sənaye əməkdaşlığını gücləndirmək məqsədilə 3 ildir ki, uğurla yhəyata keçirilir.

UNEC-in büdcəsi hesabına keçirilən qrant müsabiqəsində bu il 6 layihə qalib elan olunub. Müsabiqənin qaliblərindən biri də UNEC-in gənc müəllimi Həsrəddin Quliyevin rəhbərlik etdiyi “Rəqəmsal transformasiya üçün biznes diaqnostikası: UNEC İnnovasiya Modeli” layihəsidir.

Həsrəddin müəllimlə layihənin ideyası, məqsədi və bu prosesin təhsilə, gənclərə verdiyi töhfələr barədə söhbət etdik.

– Həsrəddin müəllim, sizi təbrik edirik, layihəniz UNEC-in qrant müsabiqəsinin qaliblərindən biri oldu. “Rəqəmsal transformasiya üçün biznes diaqnostikası” ifadəsi nədən xəbər verir və əsas məqsəd nədir?

– Təşəkkür edirəm. Əslində layihənin fəlsəfəsi belədir: “Əvvəlcə doğru diaqnoz, sonra transformasiya.”

Rəqəmsal transformasiya, mənim üçün, yalnız texnologiya deyil, doğru analiz və düzgün qərarvermə mədəniyyətidir. Biz müəssisələrdə real “ağrı” və “qazancları” elmi və sistemli şəkildə təhlil edərək, problemin kökünü tapmağa çalışırıq. Bu, hər hansı bir texnoloji yenilikdən daha vacibdir, çünki yalnız düzgün diaqnoz qoyulduqda effektiv dəyişiklik mümkündür.

– Bu model hansı sahələrdə tətbiq edilə bilər və UNEC üçün hansı faydaları gətirəcək?

– Model əsasən idarəetmə və qərarvermə proseslərinin optimallaşdırılmasına yönəlib. Yəni müəssisələrdə hansı prosesin “tutmadığını” tapmaq və onu elmi əsaslarla yaxşılaşdırmaq məqsədi daşıyır. UNEC üçün isə bu model çoxşaxəli dəyər yaradır: tətbiqyönlü tədqiqatların güclənməsi, gənc tədqiqatçıların praktiki bacarıq qazanması və ən əsası, universitet–sənaye əməkdaşlığının sistemləşməsi. Uzunmüddətli baxışla bu model digər müəssisələr üçün də nümunə olacaq bir “UNEC metodologiyasına” çevrilə bilər.

– Layihənin innovativ tərəfi nədədir?

– Biz yalnız nəzəri yanaşmalarla kifayətlənmirik. Layihə iki əsas nəticə üzərində qurulub:

Birincisi, prioritet bir problem üzrə işlək texniki model (MVP) hazırlanacaq. İkincisi isə konseptual, yəni benchmark ola biləcək bir həll formalaşdıracağıq. Ən maraqlısı budur ki, bu prosesdə data analitika, maşın öyrənməsi və süni intellekt vasitələri bir araya gəlir. Bu isə klassik məsləhətçilikdən fərqli olaraq, daha dinamik, çevik və gələcəyə yönəlik nəticələr ortaya qoyur.

– Layihə artıq sınaq mərhələsinə keçibmi?

– Layihə 10 aylıq dövrü əhatə edir və sınaq mərhələsi artıq ilk ayların planına daxildir. Hal-hazırda biz texniki modelin (MVP) hazırlanması üzərində işləyirik. Sınaq nəticələri həm universitet daxilində, həm də seçilmiş müəssisələrdə təqdim olunacaq. Məncə, ən həyəcanverici məqam o olacaq ki, biz real nəticələri rəqəmlərlə göstərə biləcəyik.

– Qrant müsabiqəsində iştirak prosesi necə keçdi?

–Müsabiqə aprel ayında elan olundu. Qrant müraciətindən nəticəyə qədər hər şey şəffaf, ədalətli və ciddi seçim meyarlarına əsaslandı. Ən çox xoşuma gələn isə o oldu ki, bu müsabiqə sadəcə bir yarış deyil, tədqiqatçıların öz ideyalarına inamını artıran bir təcrübə platforması idi.

– Qrantın maliyyə dəstəyi layihənin hansı mərhələlərinə yönəldiləcək?

– Büdcənin əsas hissəsi texniki modelin (MVP) və konseptual metodologiyanın hazırlanmasına ayrılacaq. Bundan əlavə, təqdimat materialları, dizayn və əmək haqqı xərcləri də nəzərdə tutulub. Qısası, bu qrant bizim ideyamızın “kağızdan həyata” keçməsi üçün vacib enerji mənbəyidir.

– UNEC gənclərinə bu istiqamətdə nə tövsiyə edərdiniz?

– Mən həmişə deyirəm: problemi düzgün tərifləmək – uğurun yarısıdır.

Gənclərə məsləhətim odur ki, yalnız nəzəri biliklərlə kifayətlənməsinlər. Data analitika, maşın öyrənməsi, süni intellekt – bunlar artıq gələcəyin deyil, bu günün bacarıqlarıdır.

Hər bir problem fərqli düşüncə tələb edir. Cəsarətli olmaq, yeni yanaşmalara açıq olmaq isə uğurun əsas açarıdır.

– UNEC-də belə müsabiqələrin keçirilməsi tədqiqatçılara nə qazandırır?

– Bu müsabiqələr tədqiqatçıları sadəcə stimullaşdırmır, həm də universitet daxilində elmi ruhu canlandırır. Müsabiqələr nəticə yönümlü düşünməyə, universitet–sənaye əlaqələrini gücləndirməyə və innovativ ideyaları reallaşdırmağa təkan verir. Məncə, bu, UNEC-də elmi atmosferin yeni mərhələyə keçməsidir.

– Layihənin beynəlxalq səviyyədə genişlənməsi planlaşdırılırmı?

– Əlbəttə, məqsədimiz yalnız yerli miqyasda qalmaq deyil. Layihənin əsas üstünlüyü onun təkrarlana bilən və ölçülə bilən olmasıdır. İlk mərhələdə yerli müəssisələrdə modelin işləkliyini sübut etdikdən sonra, regionda və beynəlxalq tərəfdaşlarla da tətbiqini genişləndirməyi planlaşdırırıq. UNEC brendinin innovativ ideyalarla beynəlxalq aləmdə tanınması – bizim üçün həm məqsəd, həm də motivasiyadır.

Xəbər lenti