Logo

NDU ilə Düzce Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

31.10.2025 16:43 52 baxış
IMG

Oktyabrın 31-də Naxçıvan Dövlət Universiteti (NDU) ilə Türkiyənin Düzce Universiteti arasında NDU-da əməkdaşlıq görüşü keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ-in bölgə müxbirinə bildirilib ki, görüşdə rektor Elbrus İsayev ali təhsil ocağının tarixi, inkişafı və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, müasir tipli və çoxprofilli təhsil sisteminə malik olan universitet 108 hektarlıq ərazidə yerləşən modern kampusu ilə ölkənin aparıcı ali təhsil müəssisələrindən biridir. NDU-nun dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əməkdaşlığı mövcuddur və bu əlaqələrdə Türkiyə universitetləri üstünlük təşkil edir. Hazırda 23 xarici ölkədən 1800-ə yaxın əcnəbi tələbə burada təhsil alır və onların arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir.

Rektor bildirib ki, NDU-da 250-yə yaxın təhsil proqramı üzrə kadr hazırlığı aparılır. Universitetdə IELTS və SAT Qeydiyyat və İmtahan Mərkəzi, IBM Mərkəzi, Texnologiyalar Parkı və digər strukturlar fəaliyyət göstərir, beynəlxalq layihələr və əməkdaşlıqlar genişləndirilir. Ölkə və xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramları, müəllim və tələbə mübadiləsi uğurla icra olunur.

Düzce Universitetinin rektoru Nedim Sözbir görüşdən məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi universitet barədə məlumat verib, NDU ilə qurulacaq əməkdaşlığın gələcəkdə uğurlu birgə layihələrə yol açacağına əminliyini vurğulayıb.

Görüşdə doktorantura səviyyəsində kadr hazırlığı, birgə elmi konfrans və tədqiqatların təşkili, ikili diplom layihələrinin həyata keçirilməsi, akademik heyət və tələbə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə edilib. Həmçinin hər iki universitetin elmi və innovativ infrastrukturundan qarşılıqlı faydalanmaq, süni intellekt əsaslı layihələr və digər istiqamətlər üzrə birgə fəaliyyətlər planlaşdırılıb.

Sonda Naxçıvan Dövlət Universiteti və Düzce Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Xəbər lenti