Logo

AzMİU nümayəndə heyəti Çində beynəlxalq elmi konfransda iştirak edib

29.10.2025 09:09 40 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təminat Nazirliyi və Şanxay Xalq Bələdiyyə Hökumətinin təşkilatçılığı ilə keçirilən “Riyaziyyat və süni intellekt” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Şanxay şəhərində keçirilən konfransa AzMİU Çinin nüfuzlu Şanxay Jiao Tonq Universiteti tərəfindən dəvət olunub.

Bu barədə  AzMİU-dan bildirilib. Bu beynəlxalq konfrans dünyanın aparıcı elmi mərkəzlərinin alimlərini, universitet rəhbərlərini, tədqiqatçıları və sənaye nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində keçirilən xüsusi sessiyada riyaziyyatın süni intellektin inkişafında fundamental rolundan bəhs olunub. Konfransda, həmçinin Çin hökumətinin süni intellektin qlobal idarəçiliyi üçün beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə müzakirələr aparılıb.

Konfrans çərçivəsində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “Yüksəksəviyyəli beynəlxalq jurnalı necə inkişaf etdirmək olar?” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib. Rektor beynəlxalq elmi jurnalların inkişafında məzmun keyfiyyəti, multidisiplinar əməkdaşlıq və universitetlərarası elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Rektorun müşaviri professor Məsud Əfəndiyev isə məruzəsində riyaziyyatın biologiya və tibb elmlərinə inteqrasiyası, memarlıq və mühəndislik sahələrinə təsirini, biomimetik dizayn və insan mərkəzli şəhərsalma kimi müasir istiqamətlərin formalaşmasında bu elmlərin rolunu faktlarla izah edib.

Qeyd edək ki, AzMİU-nun nümayəndə heyətinin konfransda iştirakı universitetin beynəlxalq əlaqələrinin genişlənməsi və multidisiplinar elmi tədqiqatların inkişafı istiqamətində atılmış növbəti uğurlu addımdır. Hazırda universitet “dəyişkən sistemlər”, “süni intellekt və informasiya təhlükəsizliyi”, “yaşıl infrastruktur və smart memarlıq” kimi istiqamətlər üzrə elmi tədqiqat layihələrini həyata keçirir. Bu kimi beynəlxalq tədbirlərdə iştirak AzMİU-nun qlobal elmi mühitə inteqrasiyasını daha da gücləndirir, universitetin müəllim və tədqiqatçılarının beynəlxalq təcrübə və elmi mübadilə imkanlarını artırır.

Xəbər lenti