Logo

UNEC-də “Dayanıqlı inkişaf məqsədləri: ətraf mühit və dayanıqlı su idarəetməsi” mövzusunda dəyirmi masa keçirilib

31.10.2025 16:21 46 baxış
IMG

UNEC-in Mühəndislik fakültəsində müəllim və tələbələrin iştirakı ilə “Dayanıqlı inkişaf məqsədləri: ətraf mühit və dayanıqlı su idarəetməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir əhalinin ekoloji maarifləndirilməsini artırmaq, bioloji müxtəlifliyin qorunması və dayanıqlı su idarəetməsi sahəsində bilik və bacarıqları inkişaf etdirmək məqsədi daşıyıb.

Dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsin əməkdaşları iştirak ediblər.

Fakültə dekanı, dosent Elçin Səmədov tədbiri açaraq dayanıqlı inkişaf məqsədlərinin əhəmiyyətini və bu istiqamətdə maarifləndirici fəaliyyətlərin vacibliyini vurğulayıb. ETSN-in Ekoloji siyasət şöbəsinin sektor müdiri Fəridə Ələkbərova dayanıqlı inkişaf məqsədlərinin təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunmasında mühüm rol oynadığını qeyd edib.

Tədbirdə ETSN-in aparıcı məsləhətçisi Günel Zeynalova “Ölkənin ətraf mühit strategiyalarının Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiyası”, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Ekologiya şöbəsinin müdiri Günay Abbasova isə “Su ehtiyatlarının dayanıqlı və inteqrasiyalı idarə olunmasında müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış ediblər.

Ekologiya mühəndisliyi ixtisasının rəhbəri dosent Mövlud Hüseynov, LİTM direktoru dosent Ramil Sadıqov, b/m Vüsalə Musayeva, institutun nümayəndəsi Zaur Musayev və digər iştirakçılar da mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Tələbələrin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Tədbirin sonunda tələbələrin aidiyyəti dövlət qurumlarında istehsalat təcrübəsi keçməsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qərara alınıb.

Xəbər lenti