Logo

Folklor İnstitutunun direktoru “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatında çıxış edib

31.10.2025 15:26 59 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimat mərasimi keçirilib.

Folklor İnstitutundan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin 5 illiyi çərçivəsində təşkil olunub və Qarabağ həqiqətlərinin elmi, tarixi və mənəvi aspektlərdə müzakirəsinə həsr olunub.

Tədbirdə çıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Böyük Zəfərin tarixi və mənəvi əhəmiyyətini vurğulayıb.

Alim qeyd edib ki, bugünkü tədbir təkcə bir kitabın təqdimatı deyil, həm də Zəfərdən sonrakı mərhələdə mədəni yaddaşın, milli identikliyin və sosial tarixi refleksiyanın gücləndirilməsinə xidmət edən bir müzakirə platformasıdır. Onun sözlərinə görə, “Böyük Qayıdış” yalnız fiziki məkana dönüşü deyil, həmin məkanla etnik-mədəni bağlılığa - yaddaşa, kimliyə və dəyərlərə qayıdışı da özündə ehtiva edir”.

Daha sonra professor Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı haqqında danışan Hikmət Quliyev bu əsəri Böyük Qayıdışın mədəni, mənəvi və intellektual aspektlərinin analizinə həsr olunmuş dəyərli töhfə olduğunu qeyd edib. Alim vurğulayıb ki, əslində, bu kitab Qarabağın Azərbaycan ədəbiyyatı, mədəniyyəti və folklorunda formalaşan obrazının müəllifin “Mənim Qarabağım” diskursunda təqdimatıdır. Onun sözlərinə görə, bu əsər həm də humanist-bəşəri dəyərlərə söykənən ziyalı mövqeyinin ifadəsidir.

“Qarabağ mövzusunun Azərbaycan humanitar fikrində yalnız tarix deyil, həm də mədəni və semiotik kod” olduğunu qeyd edən Hikmət Quliyev “Qarabağ muğamı”, “Qarabağ bayatısı”, “Qarabağ kədəri” və “Qarabağ Zəfəri” kimi anlayışların kollektiv yaddaşda intertekstual kontekstdə simvolik mahiyyət kəsb etdiyini deyib. O, həmçinin diqqətə çatdırıb ki, Folklor İnstitutunda Qarabağ və Şərqi Zəngəzur folklor nümunələrinin toplanılması, nəşri və tədqiqi üzrə bir sıra mühüm işlər həyata keçirilir.

“Kitabın mühüm xüsusiyyətlərindən biri də, Qarabağ məsələsinə yanaşmada müəllifin tarixi faktları, xüsusilə erməni iddialarını xarici mənbələrə (ingilis, fransız, rus) istinadən araşdırması, Cənubi Qafqazda sülh və əmin-amanlıq şəraitində yaşayışa xələl gətirən “erməni terroru”, uydurma tarix və “kor inanclar” barədə aydın təhlillər verilməsidir”, - deyə Hikmət Quliyev vurğulayıb.

Hikmət Quliyev qeyd edib ki, təqdimatına toplaşdığımız bu kitab müəllifin təbirincə desək, “Qordi düyünü”nə çevrilmiş Qarabağ konfliktinin “Dəmir yumruq”la çözülməsi, əbədi olaraq aradan qaldırılmasının tarixi, mədəni-mənəvi aspektlərinin analizinə həsr olunmuş mühüm tədqiqat əsəridir.

 

Xəbər lenti