Logo

Ankarada Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib

29.10.2025 15:23 37 baxış
IMG

Türkiyənin Ankara şəhərində Türk Mədəniyyətini Araşdırma İnstitutu tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru akademik, Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları I Beynəlxalq Simpoziumu keçirilib.

Universitetdən bildirilib ki, simpoziumda Kamal Abdullanın çoxşaxəli yaradıcılığı, onun ədəbiyyat, dilçilik və fəlsəfə sahəsindəki elmi fikirləri, eləcə də Türk dünyası mədəniyyətinə verdiyi töhfələr ətrafında geniş müzakirələr aparılıb. Dörd bölmədən ibarət olan simpoziuma professorlar Fikrət Türkmen və Bilge Ercilasun, akademiklər Muxtar İmanov və Nizami Cəfərov rəhbərlik ediblər.

Simpoziumun birinci bölməsində Fikrət Türkmen, Kerime Üstünova və Nizami Cəfərov Kamal Abdullanın ədəbi-estetik düşüncə sistemi, qeyri-səlis məntiq nəzəriyyəsi və dilçilik sahəsindəki ideyaları haqqında məruzələrlə çıxış ediblər.

Növbəti bölmə iclaslarında akademik Kamal Abdullanın roman, hekayə və teatr yaradıcılığı, onun postmodern estetikasında mifoloji qatlar, zaman və ömür fəlsəfəsi, həmçinin bədii dilin strukturu müxtəlif aspektlərdən təhlil olunub.

Simpoziumda qeyd olunub ki, Kamal Abdulla yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Onun əsərlərində dil, fəlsəfə və mifologiyanın qovuşduğu unikal yaradıcılıq modeli ədəbiyyat və elmin yeni istiqamətlərinə yol açır.

Bu nüfuzlu elmi tədbirdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli də iştirak edib. O, simpozium çərçivəsində müxtəlif ölkələrdən gələn alimlərlə Türk dünyası ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıb.

Beynəlxalq elmi simpozium akademik Kamal Abdullanın Türk dünyası miqyasında tanınan elmi və ədəbi şəxsiyyət olduğunu bir daha nümayiş etdirib və Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin inkişafına mühüm töhfə kimi dəyərləndirilib.

Xəbər lenti