Logo

BDU-da Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

31.10.2025 15:27 53 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Vətən müharibəsində tarixi Zəfərin beşilliyinə həsr olunmuş “Zəfər carçıları” adlı tədbir keçirilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, dekan Zaur Əliyev fakültənin məzunlarının 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, onların Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmaqlarından söz açıb. Bildirib ki, şanlı Zəfərin beşilliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunur: “30 ildən artıq işğal altında qalmış torpaqlarımızın azad edilməsi dövlət başçısının qətiyyətli siyasəti, xalqımızın birliyi, Ordumuzun igidliyi nəticəsində mümkün olub. Bu Zəfərin təməli hüquqi, demokratik, müstəqil və güclü Azərbaycan dövləti yaratmaqla Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Vətən Müharibəsi qəhrəmanlarının adları daim hörmət və ehtiramla anılır”.

Fakültə dekanı Qarabağda aparılan quruculuq və bərpa işlərində, o cümlədən dini və mədəni abidələrin bərpasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.

Tədbirdə Hüquq fakültəsinin məzunları olan Vətən müharibəsi iştirakçıları - Yusifkamal Paşabəyli, Rauf Əzimov, Gümrah Məmmədov, Şamo İsmayılbəyli, Tərlan Həmidov, Fuad Qəşəmzadə, Ceyhun İsmayıllı, Şəfi Rüstəmbəyli, eləcə də fakültənin şəhid məzunu Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyev iştirak ediblər. Müharibə iştirakçıları çıxışlarında döyüş yolu və cəbhə xatirələri haqqında danışıb, əsgər və zabitlərin fədakarlığından, xalqımızın birliyindən, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandıqları Qələbəni və bu yolda aparılan mübarizəni böyük fəxarət hissi ilə vurğulayıblar.

Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Cabir Quliyev çıxışında Vətən müharibəsində iştirak etmiş Hüquq fakültəsinin məzunlarının qəhrəmanlığının tələbələr üçün örnək olduğunu diqqətə çatdırıb.

Tədbirdə Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları göstərdikləri igidliyə görə təşəkkürnamələrlə təltif olunublar.

Xəbər lenti