Logo

AMEA-nın 80 illiyi münasibətilə yerli və xarici alimlər döş nişanları ilə təltif olunublar

03.11.2025 17:40 92 baxış
IMG

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda ölkəmizin və dünyanın aparıcı akademik qurumlarının nüfuzlu alimləri AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış “AMEA-nın döş nişanı”, “Əziz Səncər”, “Yusif Məmmədəliyev”, “Üzeyir Hacıbəyli” və “Lev Landau” döş nişanları ilə təltif olunublar.

Belə ki, AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Tofiq Nağıyev, Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şavkat Ayupov, Qırğızıstan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti professor Kanatbek Abdraxmatov, Hebey Sosial Elmlər Akademiyasının vitse-prezidenti professor Yuan Baodong, Vyetnam Sosial Elmlər Akademiyasının vitse-prezidenti professor Ta Minh Tuan, Monteneqro Elmlər və İncəsənət Akademiyasının Leksikoqrafiya Mərkəzinin rəhbəri akademik Dragan Vukcevic və Kore Akademiyasının Baş Katibliyinin icraçı müavini professor Raymond J. Wu “AMEA-nın döş nişanı” ilə təltif olunublar.

Həmçinin AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri akademik Təyyar Cəfərov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Askar Jumadildayev və Kore Akademiyasının Şurasının üzvü professor Li Lei Azərbaycan Milli Elmlər Akademiyasının “Lev landau” döş nişanı ilə təltif ediliblər.

Bundan əlavə, AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Cəmil Əliyev və AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının “Əziz Səncər” döş nişanı ilə təltif olunublar.

Eyni zamanda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri akademik Zemfira Səfərova Azərbaycan Milli Elmlər Akademiyasının “Üzeyir Hacıbəyli” döş nişanına, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Dilqəm Tağıyev isə Azərbaycan Milli Elmlər Akademiyasının “Yusif Məmmədəliyev” döş nişanına layiq görülüblər.

Mükafatları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.

 

 

Xəbər lenti