Logo

Professor: Dilimizdə olan şəkilçilər vasitəsilə yeni sözlər yaradılmalıdır

03.11.2025 22:46 70 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyev Azərbaycan dilinin qədimliyini və zənginliyini xüsusi qeyd etdi. Çıxışında indiki dövrdə yad kəlmələrdən daha geniş istifadə edildiyini çox təəssüflə vurğuladı. Doğrudan da Azərbaycan dili zəngin imkanlara malikdir və dilimizin daxili imkanları hesabına ən mürəkkəb fikirləri ifadə etmək mümkündür. Bu, daha çox televiziyada, radioda, mətbuatda dilin qorunması, dilin saflığının təmin edilməsi əsas tələblərdən biri kimi qarşıya qoyuldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib. O bildirib ki, dilimizin müasir dövrdə saflığının təmin edilməsi, qorunması, inkişafının təmin olunması ən mühüm, vacib məsələlərdən biridir: “Buna görə də dilimizin bütün imkanlarından istifadə edilməlidir. Xüsusilə, Prezident beynəlxalq leksika məsələsini önə çəkdi. Göstərdi ki, beynəlxalq sözlərdən də istifadə olunmalıdır. Əgər dilimizin daxili imkanları hesabına bu sözləri yaratmaq mümkündürsə, onlar yaradılmalıdır.

Bu gün hər bir dilçinin, hər bir vətəndaşın qarşısına qoyulan əsas məsələlərdən biri dilimizin öz daxili imkanlarından geniş şəkildə istifadə etmək, dilimizi qorumaq, inkişaf etdirməkdir. Bu baxımdan Azərbaycan dili bütün zənginliklərə malikdir. Bu dil hər cür mürəkkəb fikirləri ifadə etməyə qadirdir. Bu dildə danışan, yazan hər bir şəxs bu zənginliklərdən istifadə etməlidir.

Dilimizin öz imkanlarından daha çox yararlanmalı, morfoloji vasitələrə geniş yer verilməlidir. Dilimizdə olan şəkilçilər vasitəsilə mövcud söz bazamız əsasında yeni sözlər yaradılmalıdır. Azərbaycan dilinin səlisliyi və aydınlığı qorunmalıdır”.

Sayalı Sadıqova dilimizdə alınma sözlərin istifadəsinə də diqqət çəkib: “Çox təəssüf ki, danışıqda daha çox rus və Avropa dillərindən alınan kəlmələrə üstünlük verilir. Halbuki Azərbaycan dilində onların qarşılığı var, amma bu sözlərdən istifadə edilmir. Ona görə də hər bir şəxs, hər bir vətəndaş birinci növbədə dilimizin saflığını təmin etmək üçün dilimizin o zənginliklərdən istifadə edərək öz nitqini qurmalıdır.

Televiziyada və yaxud mətbuatda daha çox danışıq dilimizdə olan ədəbi dil normalarına uyğun sözlərdən istifadə edilməlidir. Prezident öz nitqində beynəlxalq leksikaya da toxundu. Bəli, beynəlxalq leksika hər bir dili zənginləşdirən mənbədir, ancaq beynəlxalq leksikadan işlənən sözlərin Azərbaycan dilində qarşılıqlarını yaratmaq mümkünsə, yaradılmalı və bundan istifadə edilməlidir.

Hər bir sözü beynəlxalq leksika kimi qəbul etmək olmaz və dilimizin qorunması, inkişafı, saflığının təmin edilməsi birinci növbədə ana dilimizin daxili imkanları hesabına olmalıdır”.

Xəbər lenti