Logo

Müəllimlər üçün media savadlılığı üzrə TOT seminarı keçirilib

03.11.2025 13:47 59 baxış
IMG

Bu il növbəti dəfə təşkili planlaşdırılan “Media savadlılığı” həftəsinə hazırlıq çərçivəsində ümumtəhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçilib.

TƏHSİL.BİZ xəbər verir ki, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2022-ci ildən etibarən Agentlik tərəfindən davamlı və koordinasiyalı tədbirlər həyata keçirilir.

“Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq perspektivləri” mövzusunda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Azərbaycan Respublikası Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva qeyd edib ki, müasir dövrdə informasiya bolluğunun mövcudluğu bu məlumatları istehlak edən şəxslər üçün bir sıra ciddi risklər yaradır. Yeniyetmələrin, məktəblilərin həssas auditoriya olduğu nəzərə alınaraq, onların doğru və yalan informasiyanı ayırd etmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də məsuliyyətli və səriştəli media istehlakçısı və iştirakçısına çevrilməsi məqsədilə media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda çıxış edərək informasiya mühitində manipulyativ məzmunların aşkarlanması, mənbələrin etibarlılığının yoxlanılması və xəbərin dəqiqliyinin qiymətləndirilməsi ilə bağlı müzakirə aparıb.

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva “Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək pedaqoji yanaşmaların modernləşdirilməsinin, şagirdlərin analitik düşünmə və məlumatları düzgün qiymətləndirmə bacarıqlarının inkişafına yönəlmiş dərs modellərinin tətbiqinin vacibliyini vurğulayıb.

“Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı” mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz” anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib. Diqqətə çatdırılıb ki, bu gün media ekosistemində hər bir istifadəçi təkcə məlumat istehlakçısı deyil, eyni zamanda məlumat istehsalçısı kimi çıxış edir və bu özlüyündə rəqəmsal məsuliyyət anlayışını daha da ön plana çıxarır.

ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və peşəkar təcrübəyə malik, hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama” mövzusunda çıxış edib. O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb.

Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı isə sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə danışıb. O, rəqəmsal mühitdə düzgün davranış modelinin formalaşmasında psixoloji faktorların nəzərə alınmasının, informasiyanın təsirlərinə qarşı dayanıqlılığın artırılmasının və tədris prosesinə psixoloji yanaşmaların inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti