Logo

Valideyn məsuliyyətsizliyi uşaqları sosial şəbəkələrin mənəvi tələsinə salır

01.11.2025 15:27 46 baxış
IMG

Təhsil eksperti Lalə Şirinzadə: “Valideyn məsuliyyətsizliyi uşaqları sosial şəbəkələrin mənəvi tələsinə salır”

Son zamanlar məktəblilərin əxlaqsız məzmunlu videolarının sosial şəbəkələrdə yayılması cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu kimi hadisələr bəzən məktəbdən kənarda baş versə də, günah yenə də müəllimlərdə və məktəbdə axtarılır. Halbuki məsələ çox daha dərin sosial və ailəvi köklərə malikdir. Təhsil eksperti Lalə Şirinzadə bildirir ki, “bu hadisələr bir daha göstərir ki, cəmiyyətimizdə ailə nəzarəti və valideyn məsuliyyəti sistemi ciddi şəkildə zəifləyib. Uşaqların əlində nəzarətsiz mobil telefonların olması, sosial şəbəkələrdə məşhurlaşmaq istəyi və dəyərlərin aşınması onların psixoloji və mənəvi formalaşmasına ciddi zərbə vurur.”

Lalə Şirinzadə qeyd edir ki, “hazırda məktəblilərin 90 faizindən çoxu sosial şəbəkələrdə aktivdir. Onların bir çoxu 10-13 yaş aralığında olmasına baxmayaraq, TikTok, Instagram, Telegram kimi platformalarda açıq və bəzən təhlükəli məzmunlu paylaşımlar edir. Bu, artıq təkcə təhsil problemi deyil, sosial məsuliyyət böhranıdır.”

Təhsil eksperti vurğulayır ki, “əslində, məsuliyyətin əsas yükü valideynlərin üzərindədir. Uşaqlar mobil telefon və internetə valideynin icazəsi ilə çıxış əldə edirlər. Kim onlara bu cihazları verir? Kim onlara gecə yarısına qədər telefonda qalmağa şərait yaradır? Əgər ailə nəzarəti düzgün qurulmazsa, məktəb təkbaşına bu prosesi idarə edə bilməz.”

Lalə Şirinzadə qanunvericiliyə uyğun olaraq qeyd edir ki, “Ailə Məcəlləsinin 52-ci maddəsinə görə valideynlər uşaqların tərbiyəsinə, mənəvi və fiziki inkişafına görə məsuliyyət daşıyır.” Ekspert bildirir ki, “bu məsuliyyət hüquqi cəhətdən konkret təsbit olunsa da, təəssüf ki, praktikada çox zaman unudulur. Valideynlər övladlarının maddi təminatını önə çəkərək mənəvi tərbiyəni ikinci plana salırlar.”

Dünya təcrübəsinə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə bu məsələyə ciddi nəzarət mexanizmləri tətbiq olunur. Məsələn, Cənubi Koreyada 19 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə müəyyən məzmunlara çıxışı məhdudlaşdırılıb. Uşaqlar üçün “smart mode” tətbiqi vasitəsilə mobil telefonlar valideyn nəzarəti olmadan internetə qoşula bilmir. ABŞ-da isə bir çox ştatlarda 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatı üçün valideyn icazəsi məcburidir. Avropa İttifaqında qəbul edilmiş “Digital Services Act” (2023) qanununa əsasən, sosial media platformaları uşaqların psixoloji sağlamlığını qorumaq üçün alqoritmik nəzarət sistemləri tətbiq etməlidirlər.

Təhsil eksperti Lalə Şirinzadə sitat gətirir ki, “UNESCO-nun 2024-cü il hesabatına görə, sosial şəbəkələrdə 11–15 yaşlı uşaqların 68 faizi internetdə zorakılıq, təhqir və ya mənəvi təzyiqə məruz qalır. Bu rəqəm xüsusilə nəzarətsiz mobil telefon istifadəsinin çox olduğu ölkələrdə yüksəlib.”

Ekspert bildirir ki, “Azərbaycan üçün vəziyyət də narahatlıq doğurur. 2023-cü ildə keçirilən ‘Uşaqlar və Rəqəmsal Davranış’ sorğusuna görə, məktəblilərin 72 faizi valideyn nəzarəti olmadan sosial şəbəkələrdən istifadə edir, 41 faizi isə gündəlik 5 saatdan artıq onlayn qalır. Bu isə uşaqların həm psixoloji, həm də akademik inkişafına mənfi təsir göstərir.”

Lalə Şirinzadə qeyd edir ki, bu cür halların qarşısının alınması üçün üç əsas istiqamətdə iş aparılmalıdır — ailə, məktəb və dövlət siyasəti səviyyəsində. “Ailədə uşağın tərbiyəsi və texnoloji davranışı ilə bağlı real nəzarət mexanizmləri tətbiq olunmalıdır. Məktəblərdə isə rəqəmsal savadlılıq dərsləri çərçivəsində sosial media təhlükələri barədə maarifləndirici sessiyalar keçirilməlidir. Dövlət səviyyəsində isə mobil operatorlar və sosial şəbəkə platformaları ilə birgə ‘Uşaq internet təhlükəsizliyi’ proqramı hazırlanmalıdır.”

Ekspert bildirir ki, “müəllimi günahkar çıxarmaq ən asan yoldur. Amma unutmayaq ki, müəllim uşağı cəmi 4-5 saat görür, qalan 19 saat isə valideynin nəzarətindədir. Əgər uşaq səhv edirsə, onun tərbiyəvi kökü ailədən gəlir.”

Lalə Şirinzadə sitat gətirir ki, “Uşaqlar tərbiyəni məktəbdən yox, evdən öyrənir. Evdə qaydalar yoxdursa, məktəbin qaydaları təsirli ola bilməz.” O, əlavə edir ki, sosial medianın təsiri ilə uşaqlarda “məşhurlaşmaq sindromu” formalaşır. “Uşaqlar indi uğuru təhsil, elm, ədəb və zəhmətlə deyil, ‘bəyənmə’ və ‘izləyici sayı’ ilə ölçürlər. Bu, cəmiyyətin dəyərlər sisteminin böhranıdır.”

Ekspertin fikrincə, Azərbaycan qanunvericiliyi bu istiqamətdə müəyyən boşluqlara malikdir. “Hazırda uşaqların sosial mediaya giriş yaşına dair konkret məhdudiyyət yoxdur. İnformasiya Məcəlləsində uşaqların internet təhlükəsizliyi ilə bağlı müddəalar genişləndirilməlidir. Eyni zamanda, məktəblərdə mobil telefonlardan istifadə qaydaları konkretləşdirilməli, valideynlər övladlarının sosial media davranışına görə hüquqi məsuliyyət daşımalıdırlar.”

Lalə Şirinzadə bildirir ki, bu problem təkcə mənəviyyat məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir. “İnternetdə yayılan əxlaqsız məzmunlar, şantaj və kibertəcavüz halları uşaqların gələcəyini məhv edir. Bu, gələcəyin vətəndaşının formalaşmasına birbaşa təsir göstərir. Cəmiyyət olaraq, biz uşaqları sosial şəbəkənin aludəçisi yox, sağlam düşüncəli fərdlər kimi yetişdirməliyik.”

Ekspertin fikrincə, bu istiqamətdə Elm və Təhsil NazirliyiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə kompleks proqram həyata keçirməlidir. Bu proqram valideyn maarifləndirilməsi, sosial media monitorinqi və məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsini əhatə etməlidir.

Sonda Lalə Şirinzadə vurğulayır:

“Cəmiyyətin mənəvi dəyərlərini qorumaq üçün məktəbi deyil, ailəni tərbiyə etməliyik. Uşaq evdə tərbiyə almayıbsa, məktəbdə qayda öyrənə bilməz. Valideyn məsuliyyətini bərpa etmədən nə müəllimi, nə məktəbi, nə də gələcək nəsli qoruya bilərik.”

Bəhman Hüseynli

Xəbər lenti