Logo

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

01.11.2025 15:29 52 baxış
IMG

Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Mərkəz şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verib. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində növbəti görüş oktyabrın 31-də təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə ““Peşə istiqamətinin müəyyən edilməsi”nə həsr olunub. Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadə iştirakçıları salamlayıb və öz təşəbbüsləri ilə açıq formada keçirilən görüşə maraq göstərdikləri üçün minnətdarlığını bildirib. Sədr qeyd edib ki, hər bir insanın həyatında düzgün peşə seçimi mühüm yer tutur. Peşə insanın gələcək həyat tərzini, cəmiyyətə faydasını və şəxsi xoşbəxtliyini müəyyənləşdirir. Şagird və abituriyentlərin bu mühüm qərarı verməsində məktəbin, ailənin və ictimaiyyətin rolu danılmazdır. Bu baxımdan ictimaiyyətlə keçirilən bu cür görüşlər də onların peşə seçiminə olduqca müsbət təsir göstərir. Belə görüşlər şagird və abituriyentlərdə gələcəkdə hansı sahədə fəaliyyət göstərmək istədikləri barədə daha dolğun təsəvvür formalaşdırır.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək peşə və ixtisas seçimi ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə biliblər.

Görüşdən sonra şagirdlər və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb. Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlərdən sizə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün istifadə olunur. Siniflər üzrə testlər isə dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması məqsədi daşıyır. Tədbirin əvvəlində iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna göndərə bilərlər.

Növbəti görüşün noyabrın sonlarında keçirilməsi nəzərdə tutulur. Mövzu və qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcəkdir.

Xəbər lenti