Logo

Turizm və Menecment Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07.11.2025 15:06 41 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şanlı qələbəmizin Zəfər tarixi” adlı tədbir keçirilib. Tədbir Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə həsr edilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə rektor İlham Mədətov Vətən müharibəsində qazanılmış tarixi Qələbənin dövlətimizin başçısının müdrik siyasətinin, qətiyyətinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın birliyinin bariz nümunəsi olduğunu söyləyib. O vurğulayıb ki, müzəffər ordumuz düşmən üzərində qəti qələbə qazanaraq Azərbaycanın hərb tarixində şanlı səhifə yazıb. Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Qələbə dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə, ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı çıxış edərək Qarabağ müharibələrinin tarixi, Zəfər Gününə aparan yol və bu qələbənin xalqın birliyi sayəsində əldə olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan təxminən 60 nəfəri Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif edilib. Şəhidlik zirvəsinə ucalan ATMU məzunu Məhəmmədəli Həsənzadə isə ölümündən sonra bir sıra medallara layiq görülüb.

Tədbirdə şəhid məzunun atası Hörmət Həsənzadə çıxış edərək, noyabrın 8-nin xalqımızın qürur və şərəf günü kimi yaddaşlara həkk olunduğunu bildirib. O, qəhrəman oğullarımıza əbədi minnətdarlıq duyduğunu ifadə edib və gəncləri bu Qələbəni qorumağa, ölkəmizin gələcəyinə töhfə verməyə çağırıb.

ATMU-nun məzunları, Vətən müharibəsi iştirakçıları Anar Mahmudov və Nicat Əlizadə çıxışlarında universitetdə keçirilən bu kimi tədbirlərin gənclər arasında milli ruhun və vətənpərvərliyin təbliğinə mühüm töhfə verdiyini qeyd ediblər. Onlar Zəfər Gününün Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb, şəhidlərimizin və ordumuzun bu Qələbədəki rolunu bir daha xatırladıblar.

Bu ildən etibarən ATMU-da şəhid məzunun xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhid Məhəmmədəli Hörmət oğlu Həsənzadə adına təqaüd” təsis olunub. Rektorun müşaviri Fərid Cabbarlı məlumat verib ki, bu təqaüd bakalavriat və magistratura səviyyələrində təhsil alan, ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə malik tələbələrə təqdim olunur.

Tədbirin sonunda bu təqaüdə layiq görülən tələbələrə təltifnamələr təqdim edilib.

Xəbər lenti