Logo

ADAU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

05.11.2025 17:02 47 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunan “Vətən deyib döyüşdük, Zəfərlə geri döndük!” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Vətən müharibəsində əldə edilən tarixi Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və Ordumuzun qəhrəmanlığı sayəsində mümkün olduğunu vurğulayıb. O, xalqımızın birlik və mübarizə ruhunun bu Qələbənin qazanılmasında həlledici rol oynadığını vurğulayıb və belə tədbirlərin gənclərdə vətənpərvərlik duyğularının daha da güclənməsinə töhfə verdiyini qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov çıxışında keçdiyi döyüş yolu və cəbhə xatirələri haqqında danışıb, əsgər və zabitlərin fədakarlığından, xalqımızın birliyindən, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açıb.

İctimai fənlər kafedrasının dosenti Əbdürrəhman Kazımov, ADAU-nun Əsaslı kitabxanasının direktoru Kamil Məmişov çıxışlarında qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi, milli qürur və birliyimizin simvoluna çevrilən böyük Zəfəri qazandı.

Tədbir digər çıxışlarla davam edib.

Xəbər lenti