Logo

Ədəbiyyat Muzeyində “Zəfərli Azərbaycan” adlı ədəbi-musiqili tədbir keçirilib

06.11.2025 23:26 40 baxış
IMG

Noyabrın 6-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə “Zəfərli Azərbaycan” adlı ədəbi-musiqili tədbir keçirilib. Muzeyin Həmkarlar İttifaqı Komitəsinin və Məktəblilərlə və ictimaiyyətlə iş şöbəsinin birgə əməkdaşlığı ilə baş tutan tədbirdə Ədəbiyyat Muzeyinin əməkdaşları, şəhər məktəbliləri və müəllimlər iştirak ediblər.

Bu barədə muzeydən məlumat verilib.

Tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümü münasibətilə iştirakçıları təbrik edib. Direktor vurğulayıb ki, bütün bayramların zirvəsində dayanan Zəfər Günü milli birliyin, xalq-dövlət həmrəyliyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir, gələcək uğurlarımızın əsasıdır.

O, 1993-cü ildə ölkədəki mürəkkəb siyasi vəziyyəti xatırladaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin xilasında və sonrakı Qələbənin təməlində dayandığını bildirib. Qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqelərini gücləndirməklə, gələcək Zəfərin ideya əsaslarını formalaşdırıb.

Akademik Rafael Hüseynov Zəfər Gününün tarixi, ideoloji və mənəvi aspektlərindən, siyasi əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dönəmin başlanğıcı olub. O, müharibədən sonrakı dövrdə Cənubi Qafqazda yaranan yeni reallıqlar, eləcə də milli kimliyin və dövlətçilik ideologiyasının möhkəmlənməsindən danışıb. Qeyd edib ki, üçrəngli Bayrağımız hazırda bütün Azərbaycan torpaqlarında qürurla, əzəmətlə dalğalanır.

Ötən ay Xankəndiyə səfər etdiyini söyləyən akademik Rafael Hüseynov bu şəhərdə beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin yaradıldığını diqqətə çatdırıb. Direktor vurğulayıb ki, tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Hazırda bütün Qarabağ və Şərqi Zəngəzur əraziləri böyük tikinti və dirçəliş meydanına çevrilib.

O, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın bu gün regionda söz sahibi olan qüdrətli dövlətə çevrildiyini deyib.

Tədbir məktəblilərin vətənpərvərlik mövzusunda şeir qiraətləri, səhnəcik, mahnı və rəqsləri ilə davam edib.

Daha sonra tədbirin fəxri qonaqları – yazıçı-alim, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu və şair-yazıçı, Yazıçılar Birliyinin üzvü Qəşəm İsabəyli çıxış edərək Vətən müharibəsində qazanılmış Zəfərin mənəvi dəyərindən bəhs ediblər.

Sonda gənc istedadlar fəxri fərmanlarla təltif olunublar.

Xəbər lenti