Logo

“Prezident illərlə çəkdiyim zəhmətə yüksək qiymət verib” – Təltif olunan alimlər

07.11.2025 13:10 79 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə elm sahəsində fərqlənən bir qrup alim təltif edilib. Bu mükafatlar ölkəmizdə elmin inkişafına, elmi kadrların yetişdirilməsinə və yeni tədqiqatların aparılmasına verdikləri töhfələrin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan müəllimi” təltif olunan alimlərin bir neçəsi ilə söhbətləşib. 

“Gördüyüm elmi işləri ad və şöhrət üçün deyil, saf vətən borcu kimi etmişəm”

“Tərəqqi” medalı ilə təltif olunan ziyalılarımızdan biri A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur. O, “Azərbaycan müəllimi”nə bildirib ki, bu təltif xəbərini  eşitmək onun üçün çox xoş olub: “Cənab Prezident əməyimi bir neçə dəfə qiymətləndirib. Elmə töhfə vermək mənim vətən borcumdur. Yazdığım elmi əsərlər çoxdur. 2003-cü ildə Azərbaycan tarixinin yeddinci cildinin həm müəllifi, həm də məsul katibi olmuşam. Daha sonra bizim ensiklopediyanın xüsusi buraxılışlarından biri hazırlandı və onun 1941-ci ildən 2007-ci ilə qədər olan dövrünü məhz mən yazdım. Eləcə də Ulu Öndərimizin 90 illiyi ilə bağlı  ikicildlik Heydər Əliyevin monoqrafiyasında “Əsrin müqaviləsi” məsələsi, yəni bizim neft tariximizə dair bölmələr və bir neçə bölmə qələmimdən çıxıb. 2016-cı ildə isə cənab Prezidentin çağırışına cavab olaraq, müstəqilliyimizin 25 illiyinə həsr olunan 2 cildlik “Azərbaycan tarixi” nəşrinin hazırlanmasında iştirak etmiş, ondan çox bölmənin rəhbəri olmuşam. Gördüyüm elmi işləri ad və şöhrət üçün deyil, saf vətən borcu kimi etmişəm. Eyni zamanda, bu mövzularda sənədli filmlər çəkdirmişəm. Sağ olsun cənab Prezident, əməyimə və illərlə gördüyüm zəhmətə yüksək qiymət verib. Bir vətəndaş olaraq, dövlət başçısına bu diqqətə və dəyərləndirməyə görə dərin təşəkkürümü bildirirəm”.

“Əməyimin dövlət başçısı tərəfindən dəyərləndirilmsi ən böyük mükafatımdır”

O qeyd edib ki, məqsədi ad qazanmaq deyil, vətənin tarixinin həqiqətlərini üzə çıxarmaqdır: “Çünki biz çox zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik bir xalqıq. Dünya mədəniyyətinə əvəzsiz töhfələr vermişik, elm və düşüncə bəxş etmişik. Dünya mədəniyyətinə İmadəddin Nəsimi kimi dahiləri, Nəsrəddin Tusi kimi alimləri, qədim Midiya dövlətini, habelə min illər öncə yunan və Asiya sivilizasiyalarının formalaşmasında rol oynamış mədəni irsi biz bəxş etmişik. Biz yeni millət deyilik, dərin kökləri olan bir xalqıq. Ona görə də bu dəyərləri qorumaq, Şah İsmayıl Xətai kimi dahinin irsini dünyaya tanıtmaq və onun yolunu davam etdirmək mənim üçün şərəfdir. Əgər bu istiqamətdə az da olsa, bir iş görə bilmişəmsə və bu əməyim dövlət başçısı tərəfindən dəyərləndirilibsə, bu, mənim üçün ən böyük mükafatdır”.

Cəbi Bəhramovun sözlərinə görə, gələcəkdə elmi tədqiqatların daha səmərəli olması üçün çox işlər görülməlidir: “Xüsusilə Qərbi Azərbaycan mövzusunda apardığımız tədqiqatlar bu baxımdan mühüm yer tutur. Mən həmin istiqamətdə layihələrə rəhbərlik edirəm. Elm və təhsil nazirinin müavini Firidun Qurbanovla da sıx əməkdaşlıq edirik. Hazırda Qərbi Azərbaycana dair bütün sənədlər, xəritələr, yazılı mənbələr toplanır və böyük hissəsi artıq çap üçün hazırlanır. Qarşıda hələ çox işlər var.
Bütün məqsədimiz vahid, güclü Azərbaycan naminə çalışmaq, millətimizə xidmət etməkdir. Mən də bu yolda öz payımı verməyə, Vətənim üçün fədakarcasına çalışmağa hər zaman hazıram. Bir vətəndaş olaraq, dövlətimin diqqətinə və göstərdiyi etimada görə bir daha dərin təşəkkürümü bildirirəm”. 

Xəbəri eşidəndə qəhər boğdu, sevinc göz yaşlarımı saxlaya bilmədim”

Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva da “Tərəqqi” medalı ilə təltif olunanlardandır. O deyir ki, məhz ölkə Prezidenti cənab İlham Əliyevin seçim siyahısında yer almaq onun üçün böyük qürurdur: “Bu xəbəri eşidəndə qəhər boğdu, sevinc göz yaşlarımı saxlaya bilmədim.
Bu il Botanika İnstitutu üçün çox əlamətdar olub. Son üç il ərzində bir sıra mühüm nəticələr əldə edilib. Ulu Öndərin 100 illiyi münasibətilə “Qırmızı kitab” nəşr olunub, 2024-cü ildə Qarabağda 16 ekspedisiya təşkil edilib və “Qarabağ florası” kitabı hazırlanıb. Əsərin yazılması 2024-cü ildə tamamlanıb, nəşri isə 2025-ci ilə təsadüf edib. Bu kitab Botanika İnstitutunun 1926-cı ildə yaradılmasından bəri Qarabağa həsr olunmuş ilk fundamental monoqrafik tədqiqatdır. Əvvəllər Talış və Naxçıvan florası tədqiq olunmuşdu, lakin Qarabağ florasına dair elmi əsər yox idi. Yalnız ötən əsrin 40-cı illərində bir rus alimi bu mövzuda kiçik bir yazı dərc etmişdi. “Qarabağ florası” kitabı Qarabağın Zəfərinə ithaf edilib. Əsərin ön sözündə şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımız ifadə olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və İDEA İctimai Birliyinin sədri Leyla Əliyevaya da təşəkkür bildirmişik, onların gördüyü işlər bizə ilham verib. Əgər bu gün Qarabağ bizə qayıdıbsa, bu, Prezidentin qətiyyətinin və xalqımızın birliyinin nəticəsidir. Biz də öz növbəmizdə bu torpağın təbiətini və sərvətlərini qorumağı borcumuz bilirik. Qarabağda mühafizə olunan nadir bitkilər barədə məlumat kitabı hazırlayıb bölgənin bələdiyyələrinə, məktəblərinə və Qarabağ Universitetinə təqdim etmişik”.

Onun sözlərinə görə, “Azərbaycan xalq təbabətinin unudulmuş reseptləri” kitabını da həm Azərbaycan, həm də ingilis dillərində nəşr etdik ki, xarici qonaqlar da regionun florasının zənginliyini tanısınlar: “2021-ci ildən hər il Qarabağa səfərlər edir, broşuralar hazırlayır və yerli sakinlərə paylayırıq. Bu nəşrlərdə xalq təbabətində bitkilərin istifadəsi, arıçılıq və baytarlıqda tətbiqi barədə məlumatlar yer alır. Çünki 30 illik fasilə ərzində gənc nəsil bölgənin bitkilərini tanımayıb. Biz onlara öyrədirik ki, bu bitkilər sadəcə yabanı ot deyil, təbiətin bəxş etdiyi şəfa və qida mənbəyidir. Hazırda kəndlərdə maarifləndirici təlimlər keçiririk. Məsələn, arıçılıqda dazı otunun ekstraktından və baytarlıqda yerli bitkilərin istifadəsindən danışırıq. Bu broşürlər həm təbiətin qorunması, həm də kənd təsərrüfatının bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Təkcə bu il 108 elmi məqaləm dərc olunub və beynəlxalq bazalarda indekslənib. Bu, illərlə görülən zəhmətin nəticəsidir. Hazırda “Azərbaycan florası” adlı geniş elmi əsər üzərində işləyirik. Dörd müəllifin birgə hazırladığı bu kitab ilin sonuna qədər tamamlanacaq. Burada Azərbaycanın bütün bitkilərinin ən son taksonomik təsnifatı, yayıldığı ərazilər və həm latın, həm də Azərbaycan dilində adları göstəriləcək. Bu, milli dildə yazılmış ilk fundamental flora əsəri olacaq”. 

Onun sözlərinə görə, yeni “Azərbaycan florası” işıq üzü gördükdən sonra bu sahədə əsas elmi mənbəyə çevriləcək: “Hazırda Azərbaycanın şirin və duzlu sularının, o cümlədən Xəzər dənizinin yosun florası tədqiq olunur. Laboratoriyamızda nadir bitkilərin toxumları toplanaraq Kürdəmirdəki məntəqədə becərilir, sonra təbiətə qaytarılır. Qarabağda bu işlər hələlik minalar səbəbindən görə bilmirik, amma təhlükəsiz ərazilərdə müşahidələr aparırıq. Əminik ki, 10-12 ildən sonra “Qarabağ florası” yenidən yazılacaq və bu işi artıq gənc alimlər davam etdirəcək. Onlar flora yazmağın bütün mərhələlərini mənimsəyiblər və bu ənənəni gələcəyə daşıyacaqlar”.

Tünzalə Quliyeva

Tünzalə Quliyeva

Xəbər lenti