Logo

“Müharibə insanı dəyişir...” – Astaranın qəhrəman müəllimi

07.11.2025 13:31 80 baxış
IMG

Astara rayonunun Şiyəkəran kəndində doğulub boya-başa çatan Fərid Məcidli 2014-cü ildən Hamoşam kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. O həm də Vətən müharibəsinin iştirakçısıdır. Sertifikasiya imtahanında 57 bal toplayan Fərid müəllim 44 günlük savaşda göstərdiyi igidliyə görə “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Azərbaycan müəllimi” olaraq Zəfər günü ərəfəsində qələbə sevincini bizə yaşadanlardan biri olan Fərid müəllimlə söhbətləşdik. 

Fərid müəllim deyir ki, müharibə insanı dəyişir, həm də kökündən. Onun sözlərinə görə, bu dəyişiklik hər şeydən əvvəl insanın iç dünyasında baş verir, amma bu, müəllim kimi ona müsbət təsir göstərib:

“Müharibə insanı həqiqətən dəyişirmiş. İnsan olaraq da dəyişdirir, əsas mənə müəllim olaraq müsbət mənada fərqli təsir göstərdi. İki şagirdim – Gündüz Əliyev, Kənan Hacızadə Vətən müharibəsində şəhid olub. Onlardan sonra şagirdlərə qarşı daha fərqli yanaşmağa başlamışam. Daha həssas, daha qayğıkeş olmuşam onlara qarşı. Əvvəllər onları bizim gələcəyimiz olaraq görürdüm, indi vətənə, millətə layiqli vətəndaş kimi yetişdirmək öz yerində, əlavə olaraq onları əsgər kimi görməyə başlamışam, indi onları həm də bu yöndən hazırlamağa çalışıram”.

Bizə dayanmadan “gedin buradan” deyirdi”

O, 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüş əməliyyatlarında iştirak edib. Topçu kimi xidmət edən Fərid müəllim döyüş günlərində yaşadığı bir hadisəni heç vaxt unuda bilmir:
“Bir dəfə Rəvan Şahmuradov adlı əsgər yoldaşımız yaralanmışdı. Onu digər yoldaşlarla ərazidən çıxarmağa çalışanda bizə qışqırmağa başladı. Biz onu tibb maşınına yerləşdirib qanaxmasını dayandırmaq, həyati təhlükəsini aradan qaldırmaq istəyirdik. Amma o bizə dayanmadan “gedin buradan” deyirdi. Əraziyə yenidən havadan hücum ehtimalı vardı və o, bu ehtimalı bilirdi. Bizim də zərər görə biləcəyimizi fikirləşərək onu orada qoyub uzaqlaşmağımızı istəyirdi. O an üçün digər əsgər yoldaşlarının canını öz canından üstün tuturdu. Bu mənə çox təsir etmişdi, ən yaddaqalan kədərli hadisə mənim üçün budur. Rəvanın yaralanıb sonra şəhid olması çox kədərli xatirə kimi yaddaşımdan silinməyəcək”.

“Qələbə xəbərini eşitdiyimiz gün o sevinc, o anlar əbədi olaraq yaddaşımda qalacaq”

Müharibə günlərindən daha bir xatirəni isə belə danışır:
“Nadir adlı bir yoldaşımız ayağından yaralanmışdı, xəstəxanaya çatdırılandan qısa müddət sonra xahiş edib geri qaytarılmışdı. Onun etdiyi çox böyük qəhrəmanlıq idi. Qələbə xəbərini eşitdiyimiz gün o sevinc, o anlar əbədi olaraq yaddaşımda qalacaq. Təsəvvür edin, həm qisas alınıb, həm də torpaqlar işğaldan azad edilib. Məncə, dünya tarixində belə bir qələbə yoxdur: 30 illik işğal altında olan torpaqları 44 günə azad edəsən...”

“İlk atəş səslərinə sevindik”

Fərid müəllim deyir ki, ilk dəfə atəş səsləri eşidiləndə sevinirdilər:
“Hamımız sevinirdik ki, nəhayət, o gün gəldi. Torpaqlarımızın işğaldan azad olunmağının, qisasın zamanı gəlmişdi”.

“Çox şükür ki, o günün memarlarından olmaq bizə də qismət oldu”
Döyüşə yollanmaq qərarını vermək onun üçün çox təbii idi. Təhsil aldığı məktəb də, işlədiyi məktəb də şəhid adını daşıyır:
“Uşaqlıqdan erməni vəhşiliklərini eşidə-eşidə, görə-görə gəlmişdik. Xocalı soyqırımı kimi hadisəni törətmiş düşmənə qarşı nifrət hissi yaranmışdı, əlbəttə ki. Bu nifrət, qisas hissi bir gün özünü göstərməli idi. Torpaqlarımız, babalarımızın ayaq basdığı yerlər tapdaq altındaydı. Müharibə başlayanda sevinə-sevinə hazırlaşırdıq. Komandirimizdən eşidəndə ki, ermənilər yenə atəşkəsi pozub və cavab atəşi olmalıdır, həm sevindim, həm də qayğı hissi oyandı. Hər gün şəhid xəbəri eşitməkdənsə, birdəfəlik düşmənin başını əzmək daha doğru idi. Çox şükür ki, bu günü görmək, o günün memarlarından olmaq bizə də qismət oldu”.

“Müəllimlərlə əsgərlər arasında oxşarlıq çoxdur”

Fərid müəllim əsgərlərlə müəllimləri müqayisə edərək maraqlı bir bənzətmə aparır:
“Müəllimlərlə əsgərlər arasında oxşarlıq çoxdur. Azərbaycan böyük bir ailədir, hər ikisini bir ailənin üzvləri kimi düşünək: onun bir qismi gələcək üçün çalışır – bunlar müəllimlərdir, digəri, yəni əsgərlər isə o gələcəyi qorumaq üçün”.
O, müharibədən qayıtdıqdan sonra məktəbdə gördüyü mənzərəni bu sözlərlə xatırlayır:
“Müharibədən sonra müəllim yoldaşlarımın məni qarşılamağa gəlməsi, məktəbə gedib şagirdlərimin qarşısına çıxanda onların mənə baxışı, münasibəti o qədər gözəl hisslər yaratdı ki...”

Döyüşlərdə çətin anların çox olduğunu da gizlətmir:

“Yaralansaq, yoldaşlarımızı yarı yolda, vətənin müdafiəsini yarımçıq qoya biləcəyimiz kimi hiss var idi içimizdə. Qisas hissi, komandirlərimizin, xüsusən komandirlərimiz Eldəniz Qəmbərov və fəlsəfə doktoru, dosent Radif Mustafayevin cəsarəti, göstərdiyi şücaət bizə inanılmaz güc verirdi. Onların sözlərlə verdiyi dəstək bizdə yüz faizlik əminlik yaradırdı ki, mübarizəmiz tezliklə və qalibiyyətlə yekunlaşacaq”.

“Vətən müharibəsi zamanı hər kəs əlindən gələni etdi”

Müharibə onun müəllimlik fəaliyyətinə də bir o qədər dərin təsir göstərib:
“Mən coğrafiya müəllimiyəm. Vətən müharibəsində iştirak etməklə Qarabağ regionunu daha yaxşı tanıdım, təbiəti, relyefi haqqında daha ətraflı məlumatım oldu. Dərs prosesində bu biliklərimi də mövzuya inteqrasiya edib tədris etməyə çalışıram. Xalqımızın belə böyük qələbə qazanmasından sonra şagirdlərimizin hərbi sahəyə marağı xeyli artıb. Şagirdlərin vətənpərvərlik ruhu daha da yüksəlib.”
Söhbətimizin sonunda Fərid müəllim sadə, lakin qürurlu bir təbəssümlə deyir:
“Vətən müharibəsi zamanı hər kəs əlindən gələni etdi, mən də əlimdən gələni etməyə çalışdım. Mənim də burada cüzi payım olubsa, nə gözəl! Amma bu qələbə ümumi olaraq bizim xalqın qələbəsidir. Əsas qürur duyduğum şey şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın yanında ola bilməyimiz idi. Ali Baş Komandanımızın sadiq əsgəri ola bilməyimiz idi. Ən əsası da azərbaycanlı olmağımız idi. Necə ki, Ulu Öndər deyib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

Nilufər Hacılı / Lənkəran-Astara üzrə regional təmsilçi

Nilufər Hacılı / Lənkəran-Astara üzrə regional təmsilçi

Xəbər lenti