Logo

Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib

05.11.2025 13:44 38 baxış
IMG

Azərbaycan Universitetində Vətən müharibəsi qəhrəmanlarının iştirakı ilə “Zəfər – qəhrəmanların səsində” adlı tədbir təşkil olunub.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Vətən müharibəsi qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov, müharibə iştirakçısı Fərid Bağırlı, agentliyin əməkdaşları, universitetin müəllim-tələbə kollektivi iştirak edib.

8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sosial Xidmət Agentliyinin Stasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Sosial işin təşkili kafedrasının müəllimi və “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoyun çıxışları dinlənilib. Çıxışlarda Vətən müharibəsində əldə olunan Zəfərin Azərbaycan xalqı üçün mənəvi əhəmiyyətindən bəhs edilib, bu Zəfərin ölkənin ərazi bütövlüyünün bərpasını simvollaşdırdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində yazdığı şanlı tarix və qəhrəmanlıq dastanının gələcəyə və yaddaşlara daşınmasına töhfə verməkdir. Həmçinin bildirilib ki, Vətən müharibəsi iştirakçılarının sosial təminatının həyata keçirilməsi Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərindən birini təşkil edir.

Çıxışların ardından Vətən müharibəsi qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov və müharibə iştirakçısı Fərid Bağırlı keçdikləri döyüş yolundan, Azərbaycan xalqının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs edib, cəbhə xatirələrini tələbələr ilə bölüşüblər. Vurğulanıb ki, Qarabağ Zəfəri xalqın inamı, Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın qətiyyəti və sərkərdəliyi ilə qazanılıb. Qəzənfər Ağayev, Ramazan Hudulov və Fərid Bağırlı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan döyüş yoldaşlarının igidlik və fədakarlığından da danışıb, onların xatirəsini yad ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti