Noyabrın 6-da Heydər Əliyev Sarayında “ZəfərFest – 5” yaradıcılıq festivalı keçirilib. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi festival Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünə həsr olunub.
Festivalda Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası, Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi, eləcə də “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzi – ümumilikdə isə 400-ə yaxın məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.
2021-ci ildən təşkil olunan ənənəvi festival hər il gənclərin vətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçün mühüm platformaya çevrilib.
Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı Zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır. Tədbir həmçinin tarixi Zəfərin bütövlükdə Türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.


