Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Mehmanxana və restoran biznesi (MRB) kafedrasının təşkilatçılığı ilə “Qonaqpərvərlik və qida sənayesində terminoloji lüğətin əhəmiyyəti və mahiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarın əsas mövzusu qida mühəndisliyi və qida sənayesində mövcud olan problemlərə - qida sənayesində terminoloji standartlaşma, qida məhsullarının xarici ticarəti və ixracı zamanı standart terminlərin tətbiqi, təhsil və peşəkar inkişafda terminoloji lüğətin əhəmiyyəti, müxtəlif texnoloji proseslər, qida məhsullarının tərkib hissələri və istehsal şərtləri barədə doğru və dəqiq məlumatların verilməsi kimi məsələlərə həsr edilib.
Seminarda qida sənayesi ilə bağlı müxtəlif terminlərin Azərbaycan dilinə tərcüməsi və izahı, həmçinin yerli və beynəlxalq tələblərə uyğunluq məsələləri müzakirə edilib.
Qida, o cümlədən şərab məhsullarının etiketlənməsi, çeşidinin və tərkibinin, üzüm sortlarının düzgün açıqlanması üçün terminologiyanın xüsusi rolu diqqətə çatdırılıb.
Təqdimatların, seminarların, praktiki təlimlərin və aparılan müzakirələrin qida sektorunda daha aydın bir terminoloji lüğətin hazırlanmasında faydalı olması iştirakçılar tərəfindən vurğulanıb.
Qida sənayesində terminoloji lüğətin hazırlanması və tətbiqinə dair ali məktəblər, dövlət və özəl sektorlardan daha çox dəstək, təşkilatçılar və iştirakçılar tərəfindən gələcəkdə bu mövzuda daha çox tədbir, seminarların keçirilməsi ilə bağlı fikirlər səslənib.