Son iki ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə maksimal qəbul balı artıb.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, 2024/2025-ci tədris ilində Kimya fakültəsinin kimya mühəndisliyi ixtisasında maksimum bal 654,3, kimya müəllimliyi ixtisasında isə 579,9 bal olub. Ötən dərs ilində bu rəqəmlər 584,6 və 572,1 bal təşkil edib.
2024/2025-ci tədris ilində Kimya fakültəsinə qəbul olan 88 nəfər 500-dən çox bal toplayıb.
Fakültənin alimləri tərəfindən 2024-cü ildə üç dərs vəsaiti və bir monoqrafiya işıq üzü görüb. Həmçinin 223 məqalə (bunlardan 124-ü indekslənmiş jurnallarda), 384 tezis və 205 beynəlxalq konfrans materialı dərc edilib. Fakültə alimləri elmi nəticələrinə görə 1 patent alıb. Fakültənin 10 əməkdaşının Hirş indeksi 10-dan yuxarıdır.
Ötən il Kimya fakültəsinin alimləri İbrahim Məmmədov, Farid Nağıyev və Xamməd Əsədov tərəfindən Türkiyə Elm və Texnika Komitəsinin (TÜBİTAK) qrantı çərçivəsində “Çoxəvəzli heterotsiklik karkasların qurulmasında üzvi kataliz” (“Organocatalysis Towards the Construction of Highly Substituted Heterocyclic Frameworks”) adlı yeni tədqiqat layihəsinə başlanılıb.
Fakültənin 2 əməkdaşı ötən il Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub. Bunlar Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının (ETL) müdiri Ələkbər Hüseynzadənin “Monokristalların rentgen difraksiya metodu ilə tədqiqi”, ETL-in kiçik elmi işçisi Əlibala Əliyevin “Süni ürək qapağı təbəqələrinin dizaynı üçün yeni kompozit materialın sintezi” adlı qrant layihələridir.
Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. Ötən il fakültədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kimya və kimya texnologiyası” mövzusunda respublika elmi konfransı keçirilib. Bununla yanaşı, 29 elmi seminar təşkil olunub. İl ərzində elmi tədqiqat işlərinə 37 tələbə cəlb edilib.