Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Türk Dünyası Gənc Akademiklər Birliyinin II Konqresi keçirilib. Türkiyə Prezidenti Rabitə Müdirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Xaricdəki Türklər və Qohum Toplumlar Nazirliyi, Yunus Əmrə İnstitutu və Maarif Fondunun dəstəyi ilə keçirilmiş konqresdə 21 ölkədən 260-a qədər gənc tədqiqatçı alim iştirak edib.
Bu barədə TƏHSİL.BİZ-ə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Daşkənd Dövlət Hüquq Universitetinin ev sahibliyi etdiyi “Ortaq gələcəyin inşası” mövzusunda tədbirdə Gənc Akademiklər Birliyinin sədri Yunus Kocabıyık çıxış edib. O, elmi əməkdaşlığı artırmaq məqsədi daşıyan bu konqresin Özbəkistanda keçirilməsindən məmnun olduqlarını bildirib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi doktorant Günay Bayramova da bu konqresdə iştirak edib. O, “Muncuqlutəpə (Azərbaycan) nekropolisinin metal əşyaları” mövzusunda çıxış edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndləri yaxınlığında aşkar edilmiş Son Tunc və Erkən dəmir dövrünə aid Muncuqlutəpə nekropolu regionun həmdövr abidələri arasında dini baxışları əks etdirən abidələrin fərqli quruluşu və tapıntıların orijinallığı ilə seçilməkdədir.